Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Auditorlar Palatasının üç keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə davam edir. Bu iş hakim Elnur Nuriyevin icraatındadlr.
Qaynarinfo xəbər verir ki, ittiham aktına görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan bank kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
Bu cinayətə görə Palatanın maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova, maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova cinayət məsuliyyətinə cəlb olunub. Hər üçü barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri görülüb. Fəridə Novruzovayla Gövhər Əhmədova özlərini təqsirli biliblər. Göstərişləri Vəli Rəhimovdan aldıqlarını deyiblər. Vəli Rəhimov isə deyilənləri yalanlayıb və işində sadəcə səhlənkarlığa yol verdiyini bildirib, ittihamları qəbul etməyib.
Mayın 2-də davam edən məhkəmə prosesində hakim tərkibindəki dəyişikliyə görə məhkəmə istintaqı yenilənib. Sonra Vəli Rəhimovun vəkili Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədovun əlavə şahid kimi dindirilməsinə dair vəsatət qaldırıb: "Təqsirləndirilən şəxs Gövhər Əhmədova Səbuhi Gülməmmədovla görüşüb, ona təklif edib ki, evini satıb zərəri ödəyə bilər. Hesab edirik ki, Səbuhi Gülməmmədov bu söbətlərin içərisində olub, ona görə də dəvət olunub dindirilməsini xahiş edirik".
Hakim təqsirləndirilən şəxslərdən vəatətə münasibət öyrənib. Gövhər Rəhimova Səbuhi Gülməmmədovla belə bir görüş olduğunu deyib: "Dedim ki, mən pul yeməmişəm, ancaq vaxt verilsin, bir evim var, satıb zərəri ödəyim".
Hakim: "Həm deyirsiz pul yeməmişəm, həm də deyirsiz evimi satıb zərəri ödəməyi təklif etdim..."
Təqsirləndirilən şəxs: "Elə belə söz olaraq demişəm, istintaqda ifadəmdə rəsmi belə söz yazmamışam".
Digər təqsirləndirilən şəxs Fəridə Novruzova: "Bəli, Gövhər də vaxt istədi, mən də vaxt istədim. Dedim, 2 ay vaxt verin, zərər nədirsə, ödəyək. Vəziyyətdən çıxmaq lazım idi".
Dövlət ittihamçısı isə vəsatətə münasibət bildirərkən deyib ki, Gövhər Əhmədova da, Fəridə Novruzova da ibtidai istintaq zamanı təqsirlərini etiraf ediblər. Audit yoxlamalar nəticəsində pulların mənimsənilməsi ilə bağlı sənədlər də sübut kimi işə əlavə olunub. Səbuhi Gülməmmədovun dəvət olunaraq dindirilməsinə ehtiyac görmür. Vəsatət təmin olunmayıb.
Məhkəmədə o da məlum olub ki, dəymiş zərərdən Vəli Rəhimov 147 min, Gövhər Əhmədova 17 min, Fəridə Novruzova 8300 manat ödəyib.
Vəkillər bildirib ki, dəymiş zərər düzgün hesablanmayıb. Hakim buna növbəti məhkəmə iclaısna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən mütəxəssis dəvət olunacağını elan edəcəyini deyib.
Hakim təqsirləndirilən şəxslərə tövsiyyə edib ki, zərəri ödəməklə zərərçəkən tərəflə razılığa gələ bilərlər.
Növbəti məhkəmə iclası mayın15-nə təyin olunub.
Bu iş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
Esmira Cavadova
Şərhlər