"Apple" süni intellekt (Al) sahəsində aparıcı texnoloji şirkətlərlə rəqabət aparmaq məqsədilə istedadlı proqramçılara yüksək maaşlar təklif edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" (BI) məlumat yayıb.
Süni intellekt sahəsində iri texnologiya şirkətləri arasında rəqabətin sürətlə artdığı bir vaxtda "Apple" kadr axını ilə üzləşir və mütəxəssisləri saxlamaq üçün səylərini artırmalı olur. Təkcə son bir ayda "Apple"ın Al sahəsində çalışan dörd aparıcı tədqiqatçısı "Meta"ya keçib. Bu hadisə "istedadlar uğrunda mübarizə"nin daha da kəskinləşdiyini göstərir.
Bu axına cavab olaraq "Apple" süni intellekt modellərinin hazırlanması ilə məşğul olan "Apple Foundation Models" (AFM) bölməsinin əməkdaşları üçün əməkhaqqı və kompensasiyaları artırıb. Şirkət həmçinin yeni mütəxəssislərin işə qəbulunu genişləndirir: hazırda maşın öyrənməsi və Al ilə bağlı yüzlərlə vakansiya açıqdır.
"Apple" proqramçılar üçün cəlbedici işəgötürən olaraq qalır: şirkət yalnız rəqabətədavamlı maaş deyil, həm də müxtəlif bonuslar - səhmlərdən tutmuş məhsullara endiriminədək - təklif edir. Belə ki, maşın öyrənməsi üzrə mütəxəssis illik 329 min dollar, proqram mühəndisi 378 min dollar, istifadəçi interfeysi üzrə dizayner 468 min dollar, data-analitik 322 min dollar, data mühəndisi isə 234 min dollar qazana bilər.
Qeyd olunur ki, bu məbləğə əlavə ödənişlər və səhmlər şəklində verilən bonuslar daxil deyil. Bu isə əməkdaşların ümumi gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər. "Apple"də əməkhaqqı ilə bağlı
tam siyahı ilə BI materialında tanış olmaq mümkündür.
Aydın
Şərhlər