Xəbər lenti

42 milyon yeyintidə təqsirləndirilən
Ölkə 18:42 30.07.2025

42 milyon yeyintidə təqsirləndirilən "Şlyapa Zahid"ə hökm oxundu

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hökmən əsasən, Zahid Niftəliyev bu iş üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun digər cəzası ilə qismən toplanmaq yolu ilə birləşdirilməkdə qəti olaraq Zahid Niftəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzası 2023-cü ildən hesablanacaq.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Azadlığa buraxıldıqdan sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında "Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->