ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəqəmsal arxivlərində "qar adamı” (Bigfoot/Yeti) ilə bağlı illərlə davam edən araşdırmaya dair 22 səhifəlik sənədlər aşkarlanıb və ictimaiyyətə açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" məlumat yayıb.
Sənədlərin əsasını 1976–1977-ci illərdə FTB-nin Elmi-Texniki Şöbəsi ilə Oreqondakı "Bigfoot Information Center” arasında aparılan yazışmalar təşkil edir.
Məlumata görə, tədqiqatçılar agentlərə "qar adamına aid olduğu düşünülən” tük nümunələri təqdim ediblər. FTB isə bu müraciəti ciddi şəkildə araşdıraraq laborator analiz aparıb.
Nəticə isə gözlənildiyi kimi sensasiyalı olmayıb. Rəsmi ekspertiza tük nümunələrinin əslində maral ailəsinə aid olduğunu müəyyən edib.
FTB-nin rəyində qeyd olunub: "Aparılan analizlər nəticəsində məlum olub ki, tüklər maral ailəsinə məxsusdur".
Bununla belə, hadisə internetdə və ufologiya həvəskarları arasında yeni müzakirələrə səbəb olub. Bəziləri FTB-nin bu işi "tam bağlamadığını” və sənədlərin yalnız qismən açıqlandığını iddia edir.
Qurum qaydalarına görə, bəzi sənədlər yalnız uzun müddət keçdikdən sonra və ya xüsusi hallarda ictimaiyyətə açıqlanır. Bu isə fanatlara "qar adamı işi hələ də tam bağlanmayıb” kimi zarafatlara əsas verib.
Hazırda arxivlərdə Bigfoot ilə bağlı əlavə, daha əvvəl açıqlanmamış sənədlərin olub-olmaması dəqiq deyil. Lakin fakt budur ki, 1970-ci illərdə dünyanın ən güclü xüsusi xidmət qurumlarından biri iddia olunan "mifik varlıq” barədə nümunələri elmi analizə göndərib və nəticədə adi maral tükü ilə qarşılaşıb.
Aydın
Şərhlər