Hesablama Palatası 2025-ci ildə Azərbaycanda icmal büdcənin icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.
Hesabata əsasən, büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına rəy, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə rəy, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.
Hesablama Palatasının aşkarladığı nöqsan və uyğunsuzluqlar sistemli problemdir, yoxsa ayrı-ayrı qurumların zəif idarəçəliyindən irəli gəlir?
İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Hesablama Palatası büdcənin cəmi 4/1 faizinin xərc hissəsini yoxlaya bilir:
"Çünki fiziki olaraq bütün büdcəni yoxlamaq çox çətindir. Hesablama Palatasının ştatları, kadrları daha böyük olmalıdır ki, onlar büdcənin hamısını yoxlaya bilsin. Onlar bu kadrlarla, işçi ştatı ilə büdcənin 25-30 faizini yoxlaya bilir. Büdcənin 1/4-dən bu qədər problem ortaya çıxdığını nəzərə alsaq, büdcə xərcləmələrinin tamamı yoxlansa, daha çox problemlərin ortaya çıxma ehtimalı var".
İqtisadçı vurğulayıb ki, burda əsas problem cəza mexanizminin olmamasıdır:
"Uyğunsuz xərcləmələrin olması ilə bağlı bundan öncəki hesabatlarda biz cəza mexanizmini görmədik. Hesablama Palatası öz işini yerinə yetirir, ortaya faktlar qoyur. Bu faktlara uyğun kimlərsə cəzalanmalıdır, amma heç kim cəzalanmır. Çünki cəza mexanizmi yoxdur. Cəza da olmayanda bu nöqsanlar təkrarlanır. Hesablama Palatasının ən azı son 5 ilinin hesabatlarına baxsaq, görərik ki, hər il demək olar büdcə xərclərinin uyğunsuzluğu ilə bağlı kifayət qədər ciddi faktlar ortalığa qoyulur. Bütün bu problemlərin fonunda ya Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır ki, onların ortalığa çıxartdığı problemlərlə, artıq xərcləmələrlə bağlı anında hüquq mühafizə orqanları əməli tədbir görsün, ya da onların hesabatının özü belə, hüquq mühafizə orqanları üçün hesabat yaratmalıdır ki, hərəkətə keçə bilsinlər. Bu çox vacibdir. Çünki cəza mexanizmi olmasa, eyni məsələlərində illərlə təkrarlanacağının şahidi olacağıq".
Natiq Cəfərli son olaraq vurğulayıb ki, 40 milyard manatlıq büdcənin fiziki olaraq tamamını bu ştatla yoxlamaq mümkün deyil:
"Ya ştatlar artırılmalıdır, ya da büdcənin hər bölümü ilə bağlı ayrı-ayrılıqda audit keçirmək lazımdır. Təkcə büdcə xərcləmələri ilə bağlı yox, digər xərcləmələrlə bağlı audit keçirmək lazımdır ki, başqa istiqamətlərdə də uyğunsuzluq olub-olmaması aşkarlansın".
Günay İlqarqızı
Şərhlər