Yaxın Şərqdəki münaqişə qlobal iqtisadiyyata, xüsusilə də pərakəndə satış, reklam və texnologiya sektorlarına ciddi təsir göstərməyə başlayıb. Neft qiymətlərinin artması, logistik zəncirlərin pozulması və regionda tələbin azalması iri korporasiyaların ilk rüb maliyyə hesabatlarında artıq öz əksini tapıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
Buna baxmayaraq, ABŞ-ın aparıcı maliyyə institutları bazarın dayanıqlı olduğunu bildirir. "Goldman Sachs"ın rəhbəri David Solomon qeyd edib ki, investisiya-bankçılıq və xüsusilə birləşmə və satınalmalar (M&A) bazarı aktiv qalmaqda davam edir.
Onun sözlərinə görə, geosiyasi vəziyyət izlənilsə də, şirkətlər üçün əsas maraq doğuran sahə süni intellekt texnologiyalarıdır.
Fransanın reklam nəhəngi "Publicis Groupe" böyük layihələrdə gecikmələr yaşasa da, şirkət müştərilərin marketinq büdcələrini kəskin azaltmaqdan çəkindiyini bildirir. Baş direktor Artur Sadun qeyd edib ki, pandemiya və Ukrayna müharibəsi dövründə şirkətlər artıq böhran şəraitində işləməyi öyrəniblər.
Onun sözlərinə görə, marketinq xərclərinin azaldılması bazar payının itirilməsinə gətirib çıxara bilər və bu, sonradan bərpa olunması çətin olan itki yaradır.
Lüks sektorda ciddi eniş
Ən böyük zərbə isə lüks mallar sektoruna dəyib. Yaxın Şərqin bəzi bölgələrində ticarət mərkəzlərinə ziyarətçi sayının azalması səbəbindən satışlar kəskin düşüb.
Şirkətlərin açıqlamalarına görə:
* LVMH ("Louis Vuitton", "Dior" və "Sephora"nın sahibi): Maliyyə direktoru Sesil Kabanis bildirib ki, münaqişə lüks məhsullara tələbi nəzərəçarpacaq dərəcədə azaldıb.
* "Kering" ("Gucci"nin sahibi): Regionda pərakəndə satış gəlirləri 11% azalıb. Maliyyə direktoru Armel Pulunun sözlərinə görə, müharibə hətta Qərbi Avropada satışlara təsir edib, çünki Asiya və Yaxın Şərqdən turist axını azalıb.
* "Moncler": Şirkət Yaxın Şərqdə satışların mart ayında 50% azaldığını bildirib. Bu, əsasən aviareyslərin azalması ilə əlaqələndirilir.
* "Hermes": Regionda satışlar 6% azalıb, lakin şirkət hələlik nisbətən sabit vəziyyəti qoruyub saxlayır.
Texnologiya və təchizat zənciri riski
"Apple" və "Nvidia" üçün əsas çip istehsalçılarından biri olan TSMC kimyəvi maddələr və qazların qiymətində artım riskinə diqqət çəkib. Xüsusilə, qlobal helim ehtiyatlarının üçdə birini təmin edən Qətərdən gələn tədarük önəmlidir.
Maliyyə direktoru Vendell Huanq bildirib ki, disbalans şirkətin gəlirliliyinə təsir edə bilər, lakin qısamüddətli çatışmazlıqlar üçün kifayət qədər ehtiyat mövcuddur.
Qlobal investorların mövqeyi
"BlackRock" rəhbəri Larry Fink bildirib ki, Yaxın Şərq suveren fondlarının investisiya davranışında hələlik ciddi dəyişiklik yoxdur, lakin investor sorğuları artıb.
"JPMorgan" rəhbəri Ceymi Dimon isə xəbərdarlıq edib ki, regionda vəziyyət kəskinləşərsə, bu, dərhal biznes əhval-ruhiyyəsinə və iri sövdələşmələrə təsir göstərə bilər.
Aydın
Şərhlər