Xəbər lenti

Yeraltı sərvətlərlə bağlı ABŞ-la saziş yaxın onillikdə nəticə verməyəcək - FT
Dünya 11:34 13.05.2025

Yeraltı sərvətlərlə bağlı ABŞ-la saziş yaxın onillikdə nəticə verməyəcək - FT

Donald Trampın Ukrayna ilə imzaladığı yeraltı sərvətlərə dair sazişin faydalı qazıntıların hasilatı baxımından yaxın onillikdə ciddi nəticələr verməyəcəyi və layihələrin işə düşməsi üçün böyük həcmdə özəl investisiyalara ehtiyac olacağı gözlənilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” sənaye nümayəndələrinin qiymətləndirmələrinə istinadla yazır.

"Bu, 10-15 il çəkə bilər – məhz belə vaxt çərçivəsindən danışırıq”, – deyə Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş təbii ehtiyatlar departamentinin rəhbəri Erik Rasmussen bildirib.

Faydalı qazıntılar üzrə ixtisaslaşmış "Clareo” konsaltinq qrupunun rəhbəri Piter Brayant da qeyd edib ki, saziş "təchizat zəncirində risklərin azaldılması baxımından yaxın 10 il üçün demək olar ki, heç nə ifadə etmir, çünki Ukraynada mədənlərin aşkarlanması və işlənməsi üçün azı bu qədər vaxt tələb olunacaq”.

Ukraynanın sənaye təbii ehtiyatları arasında dəmir filizi, kömür, litium, qrafit və titan tərkibli filizlər yer alır. Ukrayna həmçinin Avropada təbii qaz istehsalına görə üçüncü yerdədir. Ekspertlərin sözlərinə görə, gələcəkdə neft və qaz hasilatı da bu resurs sazişinə daxil ediləcək və bu layihələrin reallaşması faydalı qazıntı layihələrindən daha tez baş tuta bilər.

Lakin Rusiya ilə müharibənin davam etməsi, geoloji məlumatların natamamlığı, infrastrukturun ciddi zədələnməsi və korrupsiya riski – yeni resurs layihələrinin yaradılması ilə bağlı adi çətinliklərlə yanaşı – o deməkdir ki, bu saziş çərçivəsində yaradılacaq mədənlər yalnız 2040-cı ildən sonra hasilata başlaya bilər.

Ən ciddi problemlərdən biri sovet dövrünə aid geoloji kəşfiyyat məlumatlarına çıxışın məhdud olmasıdır. Müharibə səbəbindən bu məlumatların əksəriyyəti məxfiləşdirilib. Bundan başqa, ekspertlər bildirirlər ki, Ukraynada faydalı qazıntıların hasilatı tarixinin uzun olmasını nəzərə alsaq, ən yaxşı yataqlar artıq istismar edilmiş ola bilər.

"Burada litium gölləri olduğu və onların asanlıqla hasil edilə biləcəyi romantik təsəvvürlər gerçəkliyə uyğun deyil”, – deyə ölkədə fəaliyyət göstərən dağ-mədən şirkətlərindən birinin rəhbəri bildirib. O əlavə edib ki, ABŞ və Ukrayna arasında imzalanan bu saziş "yaxın on ildə vəziyyəti yerindən tərpətməyəcək”.

Risk Advisory Group-un baş hüquqşünası Hüqo Korden-Lloyd da şirkətlər üçün "çoxsaylı” risklərin mövcudluğunu vurğulayıb. Onlar "adi korrupsiya və rüşvət risklərindən tutmuş fiziki təhlükəsizliklə bağlı məsələlərə qədər” dəyişir. Xüsusilə də o, dağ-mədən şirkətlərinin ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi xərclərini özü qarşılayıb-qarşılamayacağı məsələsini qaldırıb.

"Ferrexpo” şirkətinin keçmiş baş direktoru Cim Nort üçün əsas sual belədir: "Atəşkəs necə olacaq?”. O, xüsusilə də Rusiya tərəfindən işğal altında saxlanılan və iri kömür mədənləri ilə bəzi litium ehtiyatlarını əhatə edən ərazilərin Ukraynanın imkanlarını məhdudlaşdıracağını bildirib.

"Kiminsə irəli çıxıb ilk böyük investisiyanı etməsi və inamı möhkəmləndirməsi lazımdır”, – deyə Nort əlavə edib.

Bəzi müşahidəçilər daha qısa müddətli həyata keçmə potensialı olan enerji layihələrinin bu çərçivədə birinci mərhələdə reallaşacağını düşünür.

"Bununla belə, hətta Ukraynanın tərəfdarları belə etiraf edirlər ki, qarşıda çətin yol var. Müharibə başlayandan bəri Ukraynaya 25 milyon Avstraliya dolları yardım etmiş avstraliyalı dağ-mədən maqnatı Endryu Forrest deyib ki, onun şirkəti bu ölkədə dağ-mədən layihələri baxımından ‘heç nə görmür’”, – FT qeyd edir.

Xatırladaq ki, 30 aprel tarixində Vaşinqtonda Bərpa İnvestisiya Fondunun yaradılmasına dair saziş imzalanıb. Gözlənilir ki, bu fond faydalı qazıntıların işlənməsi sahəsində kritik əhəmiyyətli layihələrin maliyyələşdirilməsini təmin edəcək, innovasiyaların tətbiqinə, texnoloji inkişafa və yenidənqurmaya töhfə verəcək.

Prezident Vladimir Zelenski bəyan edib ki, Ukrayna və ABŞ arasında bu qədər perspektivli iqtisadi saziş bundan əvvəl heç vaxt olmayıb. Onun sözlərinə görə, bu sənəd ABŞ-la birgə investisiya əməkdaşlığının onilliklərə hesablanmış formasıdır.

Ukrayna Ali Radası sazişi 8 mayda ratifikasiya edib, 12 mayda isə Zelenski onu imzalayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->