Xəbər lenti

Türkiyədə miniatür qəsrlərdən ibarət qorxunc kənd: Orda nə baş verib? (FOTO/VİDEO)
Video 09:20 16.08.2025

Türkiyədə miniatür qəsrlərdən ibarət qorxunc kənd: Orda nə baş verib? (FOTO/VİDEO)

Türkiyədə yerləşən Burc-əl-Babas adlı tərk edilmiş yaşayış qəsəbəsi indi dəbdəbəli kurortdan çox, qorxunc "ruhlar şəhəri”ni xatırladır. Qara dəniz sahilinə yaxın bu qəsəbədəki 587 miniatür qəsr yeni böyük turistik məkan kimi nəzərdə tutulmuşdu. Lakin maliyyə çatışmazlığı səbəbindən yaşayışsız qalan bu binalar illərdir sahibsiz vəziyyətdədir. 

Qaynarinfo bu barədə "Mirror"a istinadən xəbər verir.

Məlumata görə, evlər 447 000 ABŞ dollarından 696 000 ABŞ dollarına qədər qiymətlə satılırdı.
 


"Monako və Fransanın cənubundan bezmiş varlı və dəbdəbəli həyat tərzinə üstünlük verənlər üçün bu cənnət guşəsi hər şeyi təklif edirdi: Aralıq dənizi iqlimi, neoqotik damlarda mənzərəli Türkiyə meşələrinə açılan görünüş. Müdrunu adlı Roma dövründən qalma kurort şəhərində yerləşən, isti bulaqları və ‘müalicəvi suları’ ilə tanınan bu villaların hər mərtəbəsində döşəmə isidilməsi və cakuzi olmalı idi”, deyə materialda bildirilir.

2014-cü ildə tikintisinə başlanılan və 2018-ci ildə tamamlanması planlaşdırılan layihənin podratçısı "Sarot Group” iflas etdiyini açıqlayıb. Yerli mediada o vaxt yayılan xəbərlərə görə, bir çox sakinlər tikilən qəsrlərin bölgədəki heç bir tikiliyə bənzəmədiyi üçün məyus olmuşdu.
 


"Tikinti şirkətinə qarşı iddiada qeyd olunurdu ki, onlar ağacları kəsərək təbiətə ziyan vurublar. Daha sonra Türkiyə iqtisadiyyatı böhran yaşadı və podratçılar qısa müddətdə 24 milyon funt sterlinq (32 milyon ABŞ dollarından çox) borc topladılar”, deyə "Mirror” yazır.

2019-cu ildə investorlar və alıcılar pullarını layihədən geri çəkdikdən sonra onun tamamlanma ehtimalı xeyli azalıb.

"The New York Times” yazır ki, "Sarot Group” ciddi çətinliklərə baxmayaraq layihəni başa çatdıracağına əmin idi. Lakin son zərbə koronavirus pandemiyası olub və layihə tamamilə dayandırılıb.
 


"Boş şəhərdə tikintisi başlanmış çoxlu villa var, lakin heç biri tamamlanmayıb. Burc-əl-Babas indi həyat əlaməti olmayan, zamanın içində donub qalmış vəziyyətdədir. Qəsəbə 700-dən çox çoxmərtəbəli qəsrdən ibarətdir, onların yarısı 2019-cu ilə qədər artıq satılmışdı”, deyə məqalədə qeyd olunur.

Qotika üslubundakı memarlıq detallarına - arku­butanlar, iti tağlar və qabırğalı günbəzlərə - sahib bu tikililər Müdrunu ətrafındakı orta əsr qəsrlərini təqlid etmək üçün layihələndirilmişdi.
 


"Layihə tərtibatçıları Türkiyənin şimal-qərbindəki dağların ətəyində yerləşən böyük bir vadini seçərək, Fars körfəzi ölkələrindən ərəb turistləri cəlb etməyi planlaşdırmışdılar. Hər ev möhtəşəm təbii mənzərələrə malikdir. Hazırda şəhər tərk edilmiş tikinti materialları ilə doludur”, deyə "Mirror” əlavə edir.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->