Xəbər lenti

Tramvay Bakıya qayıdır: Effekti olacaqmı?
Ekonomiks 14:07 21.04.2026

Tramvay Bakıya qayıdır: Effekti olacaqmı?

"Sərnişindaşımada tramvay xətti mühim rol oynayır".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev Bakıda yeni çəkiləcək tramvay xətti layihəsinin əhəmiyyətindən danışarkən deyib. 

Onun sözlərinə görə, layihənin müsbət və mənfi tərəfləri var:

"Daha çox sərnişin tutumuna, bir dəfədə 500-600 nəfər sərnişin daşıdığına, həmçinin qeyd olunan istiqamətdə metrostansiya olmadığına görə bu istiqamətdə tramvay xəttinin çəkilməsi nəzərdə tululub. Tramvay yerüstü nəqliyyat vasitəsidir. Yağışda, qarda, buzlu havalarda dayanıqlıdır və etibarlıdır".
 


Ekspert bu istiqamətdə atılan addımları dəstəklədiyini vurğulayıb:

"Gec də olsa, artıq biz tramvayı paytaxta qaytarmağa çalışırıq. Ümid edirəm ki, effektli olacaq. Bakıda illər öncə tramvay xətti olub və daha sonra müxtəlif səbəblərdən ləğv edilib. İndi isə yenidən gündəmə gəlib. Dünyanın böyük şəhərlərində çeşidli içtimai nəqliyyatdan istifadə olunur. Bu da ümumi yükün parçalanmasına, sərnişinlərin daşınmasında böyük rol oynayır. Ona görə bizdə də mümkün istiqamətlərdə tramvay xəttinin çəkilməsinə qərar verilib".

Yasin Mustafayev bildirib ki, bu, Bakı şəhərinin Baş Planında öz əksini tapıb:

"Paralel şəkildə digər nəqliyyat vasitələri də həmin yolda hərəkət edə biləcək".

Qeyd edək ki, Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır. "Sea Breeze"dən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun 28 May stansiyasına qədər uzadılması planlaşdırılır. 

Bundan əlavə, Bayıl ərazisindən 28 May stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, 28 Maydan Həzi Aslanov istiqamətində, Mehdiabaddan isə 8 Noyabr stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur.

Bahar Rüstəmli
--> -->