Artıq 5 ildir ki, E-saglam.az sağlamlıq, tibb və qida sahəsində oxucularına etibarlı və elmi əsaslı məlumatlar təqdim edir. Platforma fəaliyyətə başladığı ilk gündən dəyişməyən əsas məqsədinə sadiq qalaraq insanlara faydalı, düzgün və maarifləndirici məlumatların çatdırılmasını prioritet kimi müəyyən edib.
İlk olaraq sadə bir sayt kimi fəaliyyətə başlayan E-saglam.az bu gün tibb və sağlamlıq sahəsində geniş funksiyalı platformaya çevrilib. Fəaliyyət dairəsini genişləndirən layihə istifadəçilər üçün daha praktik və faydalı imkanlar yaradıb. Hazırda platformada "Həkimlər”, "Vakansiyalar”, "Dərmanlar” və "Video müsahibələr” bölmələri fəaliyyət göstərir. Bu bölmələr həm mütəxəssislər, həm də istifadəçilər üçün daha rahat və dəyərli mühit formalaşdırmağa xidmət edir.
Saytda yayımlanan hər bir məqalə və paylaşım məsuliyyət prinsipi və insan sağlamlığına hörmət əsasında hazırlanır. Son aylarda isə platforma fəaliyyətini daha da genişləndirərək YouTube kanalını aktivləşdirib. Kanalda "Sağlam söhbət” podkastı, "Sağlam dəqiqə” və "Faydalı” rubrikaları yayımlanır. Bununla yanaşı, sosial şəbəkələrdə də maarifləndirici videolar paylaşılaraq daha geniş auditoriyaya çıxış təmin edilir.
Bu gün E-saglam.az yalnız xəbər saytı deyil, eyni zamanda sağlam düşüncə və həyat tərzini təşviq edən güclü platforma kimi fəaliyyət göstərir. Qarşıdakı mərhələdə isə yeni layihələr və əməkdaşlıqlarla bu istiqamətdə daha böyük addımların atılması planlaşdırılır.
Qeyd edək ki, layihənin əsası fərdi təşəbbüs olaraq qoyulub və bütün mərhələlərdə çətinliklərə baxmayaraq inamla inkişaf etdirilib.
Qaynarinfo saytı həmkarlarımızı bu uğur münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.
Şərhlər