Dünyanın ən varlı adamı olan "Tesla" şirkətinin rəhbəri İlon Mask Texas ştatının West Lake Hills bölgəsində yerləşən lüks malikanəsində qonşuları ilə ciddi narazılıq yaşamaqdadır.
Qaynarinfo xəbər verir ki, məhəllə sakinləri Maskın şəhər qanunlarını pozduğu iddiası ilə West Lake Hills bələdiyyəsinə şikayət ediblər.
2022-ci ildə 6 milyon dollara aldığı, 6 yataq otağından ibarət malikanənin ətrafına 5 metr hündürlüyündə tikanlı hasar çəkdirən və yüksək səviyyəli təhlükəsizlik tədbirləri gördürən Mask bu səbəbdən qonşuların sərt reaksiyası ilə üzləşib. Qonşular bu qurğuların şəhər qanunvericiliyinə zidd olduğunu bildiriblər.
İlkin mərhələdə sakinlər yeni qonşularının kim olduğunu anlamayıblar. Lakin tezliklə Maskın evindəki daimi hərəkətlilik, tikinti işçilərinin fəaliyyəti, təhlükəsizlik kameraları və növbəli çalışan mühafizəçilər məhəllədə narahatlığa səbəb olub. Sakinlərin sözlərinə görə, bu dəyişikliklər məhəllənin əvvəlki sakitliyini pozub.
Təhlükəsizlik tədbirlərinə əlavə olaraq, küçədə daimi park edilmiş avtomobillər və gecə saatlarında gələn-gedən maşınlar da şikayət mövzusuna çevrilib. Bəzi sakinlər, xüsusilə Maskın mühafizəçilərinin silahlı olması və davamlı hərəkətliliyin yaratdığı narahatlıq səbəbindən məsələni rəsmi olaraq bələdiyyəyə çatdırıblar.
Qonşulardan biri olan Pol Hemmer bildirib: "Məhəlləmizin səssizliyini pozan bu fəaliyyətlər - xidmətçilərin evlər arasında daşınması, avtomobillərin küçədə park edilməsi və gecə gələn maşınlar - qəbuledilməzdir".
West Lake Hills bələdiyyəsi tərəfindən aparılan yoxlamalar nəticəsində Maskın malikanəsində aparılan tikintilərin şəhər qaydalarına zidd olduğu təsdiqlənib. Xüsusilə, icazəsiz şəkildə ucaldılmış tikanlı hasar və metal qapıların ölçülərinin müəyyən edilmiş normaları aşdığı müəyyən edilib.
Maskın komandası bu tədbirlərin təhlükəsizlik səbəbindən zəruri olduğunu bildirsə də, qonşular bu izahları qənaətbəxş hesab etməyib və qayda pozuntularına qarşı sərt mövqe sərgiləyiblər.
West Lake Hills zonalaşdırma və planlama komitəsi Maskın tikintilərinə dair istisna müraciətlərini rədd edib. Komitə üzvləri şəhər qaydalarını pozanların mükafatlandırılmaması fikrini müdafiə ediblər. Komitənin bu qərarı bələdiyyə məclisi tərəfindən nəzərdən keçiriləcək.
Yaxın günlərdə keçiriləcək bələdiyyə məclisinin iclasında Maskın malikanəsi ilə bağlı son qərar veriləcək. Əgər məclis komitənin qərarını təsdiqləməzsə, Mask ya tikililəri sökməli, ya da onları qaydalara uyğunlaşdırmalı olacaq.
İlon Mask 2021-ci ildə işlərini Kaliforniyadan Texas ştatına köçürmüşdü. "Tesla", "SpaceX" və "Boring Company" kimi şirkətlərinin istehsal sahələrini burada quran Mask eyni zamanda özü və övladları üçün yaşamaq məqsədilə West Lake Hills ərazisində bir neçə malikanə alıb. Lakin yerli sakinlər, Maskın həyat tərzi və təhlükəsizlik tədbirləri səbəbindən narahat olduqlarını gizlətmirlər.
Bələdiyyə məclisinin verəcəyi qərar, Mask və qonşuları arasında yaşanan gərginliyin hansı istiqamətdə davam edəcəyini müəyyən edəcək. Əgər razılaşma baş tutmasa, Maskın hüquqlarını qorumaq üçün məsələni məhkəməyə daşıması ehtimal olunur.
Aydın
Şərhlər