Rusiya lideri Vladimir Putin böyük riskə gedərək ABŞ-ın sülh təklifi ilə bağlı danışıqlarını ləngitdi, daha sonra isə Türkiyədə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirilməsi planlaşdırılan danışıqlara gəlməkdən imtina etdi. Halbuki bu danışıqları açıq şəkildə təşəbbüs edən özü idi.
Qaynarinfo "Financial Times”a istinadla yazır ki, bu addım Putinə gözlənilməz şəkildə Trampdan "hədiyyə" qazandırdı.
"İndiyədək Rusiya liderinin başqalarının müəyyən etdiyi şərtlər çərçivəsində danışıqlarda iştirakdan imtinası ciddi müqavimətlə qarşılaşmayıb - heç olmasa onu güzəştə getməyə və ya müharibəsinin gedişini dəyişməyə vadar edəcək qədər deyil", deyə nəşr qeyd edir.
Bunun ən bariz nümunəsi isə ABŞ prezidenti Donald Trampın Putinin danışıqlara qatılmamasına sakit yanaşması və ümumiyyətlə Rusiya-Ukrayna danışıqlarının mənasını şübhə altına alması olub. Tramp bildirib: "Mən Putinlə görüşməyincə heç nə baş verməyəcək”.
"Financial Times” qeyd edir ki, bu, uzun müddətdir Trampla şəxsi görüş arzulayan Putin üçün əsl hədiyyə olub. Ukraynalılar üçünsə bu, onların ən böyük qorxularını yenidən oyadıb - Trampın Putinə Ukraynanın başı üzərindən razılıq vermək və onları "axına buraxmaq” ehtimalı.
"Putin Trampı inandırmaq üçün elə ölçüdə təşəbbüs göstərir ki, sanki o, Ukraynada sülhə nail olmaq üçün cəhd edir. Əslində isə bunun baş tutmaması üçün əlindən gələni edir. Və Tramp bu tələyə düşüb", deyə yüksək vəzifəli Avropa diplomatı bildirib. ”.
FT yazır ki, Putinin məzmunlu sülh danışıqlarında iştirak etmək istəmədiyi son günlərdə, hətta ona etimad göstərməyə meyilli olan Tramp administrasiyası üçün də aydın olub.
Nəşrin mənbələrinə görə, ötən həftə yüksək rütbəli rus rəsmilər Trampın xüsusi nümayəndəsi Stiv Uitkofa bildiriblər ki, Putin Ukrayna və Avropa tərəfinin də iştirak etdiyi 22 bəndlik sülh planını müzakirə etmək istəmir. Rusiyanın bu reaksiyasından sonra Uitkof Putinlə bu həftə üçün planlaşdırılan görüşü təxirə salıb.
Putin Türkiyədə keçirilən danışıqlara da şəxsən qatılmaqdan imtina edib və onun əvəzinə keçmiş mədəniyyət naziri Vladimir Medinski rəhbərliyində aşağı səviyyəli nümayəndə heyəti göndərilib. Cümə günü keçirilən görüş iki saatdan az çəkib və heç bir irəliləyiş əldə olunmadan başa çatıb. Tərəflər yalnız minlərlə əsirin dəyişdirilməsi ilə bağlı razılığa gəlib, lakin uzunmüddətli atəşkəs məsələsində irəliləyiş olmayıb.
Avropa liderləri bu vəziyyətdən məyus olduqlarını ifadə ediblər. Britaniya baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Polşa baş naziri Donald Tusk Putinin mövqeyini "qəbuledilməz” adlandıraraq birgə bəyanatla çıxış ediblər. Onlar Zelenski ilə birlikdə Trampla telefon danışığı da aparıblar. Starmer deyib ki, hazırda Böyük Britaniya, Fransa, Almaniya və Polşa ilə "prezident Tramp administrasiyası” arasında Ukrayna məsələsində "yüksək koordinasiya səviyyəsi” var.
"Bu sadəcə göz yaşlarıdır”, – deyə Avropanın bir xarici işlər naziri bildirib. Onun sözlərinə görə, Avropa Tramp administrasiyasına mesaj göndərməkdə davam edir ki, bəlkə prezident nə vaxtsa Rusiya məsələsində mövqeyini dəyişər.
Lakin FT qeyd edir ki, Tramp administrasiyasında hələ ki bu ritorika dəstək tapmayıb. ABŞ tərəfi hər iki tərəfdən – həm Rusiyadan, həm də Ukraynadan – narazılıq ifadə edir, Rusiyanı ayrıca tənqid etmir və bir növ məsələdən çəkilə biləcəyini eyhamla bildirir.
Yüksək vəzifəli bir ukraynalı məmur vəziyyəti belə dəyərləndirib: Putin və Zelenski geosiyasi "blekcek” oyununun içindədir, Tramp isə bu oyunda kart paylayan şəxsdir.
"Putinin əlində ‘güclü, lakin riskli’ kartlar var. Ukrayna isə ümid edir ki, əgər Putin bir kart da çəksə, yanan tərəf özü olacaq", deyə o bildirib.
Qərb mediası Rusiyanın İstanbul danışıqlarında irəli sürdüyü iddia edilən tələbləri yayıb. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqlarda bu tələbləri səsləndirib.
"Prezident Tramp Rusiya tərəfi ilə danışıqlar aparmaq niyyətindədir ki, baş verənləri aydınlaşdırsın və irəliləməyə çalışsın”, – deyə o bildirib və Rusiya prezidenti Vladimir Putinlə mümkün "telefon təmaslarını” istisna etməyib.
Alpər
Şərhlər