Alimlər Merkuri planetinin əslində Yerə ən yaxın planet olduğunu müəyyənləşdiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Farmingdale Observer" nəşri yazıb.
NASA və ABŞ Ordusunun Mühəndis Araşdırma və İnkişaf Mərkəzinin alimləri planetlər arasındakı məsafəni ölçmək üçün daha mürəkkəb hesablama üsullarından istifadə ediblər və nəticədə Merkuri Yerin ən yaxın qonşusu elan olunub.
Ənənəvi yanaşmalar planetlərin bir-birinə ən yaxın olduqları anları əsas götürürdü. Yeni yanaşmada isə "nöqtəvi çevrə metodu" adlı texnika ilə planetlərin zaman üzrə orta məsafələri hesablanıb. Nəticələr göstərib ki, Merkuri nəinki Venera və Marsdan, hətta bütün digər planetlərdən orta hesabla Yerə daha yaxındır.
Alimlər bunu Merkuri planetinin Günəş ətrafında çox sürətli dövr etməsi ilə izah edirlər. Bu sürət onu Yerlə eyni tərəfdə daha çox vaxt keçirməyə vadar edir. Məhz bu səbəbdən Merkuri, zamanın çox hissəsində Yerə digər planetlərdən daha yaxın olur.
Alimlərin vurğuladığına görə, bu fakt uzun müddət diqqətdən kənarda qalıb, çünki əvvəllər istifadə olunan metodlar bu cür dinamik məsafələri nəzərə almırdı. İndi isə orbital dinamikaları uzunmüddətli müşahidələr əsasında araşdırmaqla Merkuri planetinin Yerin ən yaxın kosmik qonşusu olduğu aşkarlanıb.
Məlumata əsasən, Yer ilə Merkuri arasında ən yaxın məsafə təxminən 77 milyon kilometr təşkil edir. Bəzi kosmik aparatların - o cümlədən NASA-nın Parker Solar Probe zondunun - maksimum sürətlə Merkuri planetinə təxminən beş saata çatması mümkündür.
Hazırda Merkuri planeti insan tərəfindən birbaşa araşdırıla bilməz, çünki onun səthində temperatur -173°C-dən +427°C-yə qədər dəyişir və əhəmiyyətli atmosfer təbəqəsi yoxdur. Buna baxmayaraq, alimlər robotlaşdırılmış missiyalar vasitəsilə oraya aparatlar göndərir və mühüm elmi məlumatlar toplayırlar.
Alimlər qeyd edirlər ki, bu kəşf elmin daim inkişaf etdiyini və bəzi köhnə nəzəriyyələrin səhv ola biləcəyini bir daha sübut edir.
Aydın
Şərhlər