Xaricdən baxdıqda Antarktida soyuq və insan yaşayışına yaramayan bir məkan kimi görünür və bu, əsasən doğrudur. Lakin onun buz örtüyünün altında tamamilə fərqli və gizli bir dünya yerləşir. Alimlər burada müxtəlif biomlar, gizli çay və göllər, dağlar, vadilər, qədim bakteriyalar və hətta qədim ekosistem qalıqları aşkarlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
Antarktida ərazisinin təxminən 90 faizi qalınlığı orta hesabla 2,2 kilometr olan buz təbəqəsi ilə örtülüdür və bu vəziyyət artıq 34 milyon ildir davam edir. Buna baxmayaraq, tədqiqatçılar bu qeyri-adi qitənin alt qatlarını öyrənməyə başlayıblar.
Alfred Veqener İnstitutunun sedimentoloqu, Antarktida iqlim tarixini araşdıran alman alim Yohan Klaqes bildirib: "Bu qədim dünyalara baş vurmaq və qitənin zamanla necə dəyişdiyini anlamaq olduqca həyəcanvericidir”.
Klaqes Antarktidanı tədqiq edərkən burada 90 milyon il əvvəl qitəni örtən mülayim tropik meşəyə aid qalıq – kəhrəba tapıb. O hesab edir ki, gələcək ekspedisiyalar zamanı daha çox kəhrəba nümunəsi tapmaq mümkün olacaq.
Gizli göllər və çaylar
Antarktida ərazisində 400-dən çox subbuzlaq gölü mövcuddur. Onların ən böyüyü olan "Şərq gölü" 4 kilometr qalınlığında buz təbəqəsinin altında, Rusiyanın "Vostok" stansiyasının yaxınlığında yerləşir. Klaqes bu göldə Yer üzündə başqa yerdə olmayan mikroorqanizmlərin ola biləcəyini istisna etmir.
Kanadanın Vaterloo Universitetindən qlasioloq Kristin Dou isə bu buz altı sistemləri radar görüntüləmə texnologiyası ilə araşdırır. O bildirib: "Əgər buz təbəqəsinin altında su mühitini təsəvvür etmək çətindirsə, adi bir çayın gölə axaraq okeana töküldüyünü düşünün və bu səhnənin üzərinə 4 km buz əlavə edin. Bu buz suyun davranışını dəyişir. Antarktida buzlaqlarının altında su hətta yuxarı doğru axa bilər. Onun hərəkəti həmişə cazibə qüvvəsinə tabe olmur”.
Bununla belə, Antarktida buzlarının altındakı ərazilərin çox hissəsi əsasən kristallik süxurlardan və qranitdən ibarət qayalardır. Dou bəzi yerlərdə buz təbəqəsinin altında geniş sahələri əhatə edən nəm çöküntülərin olduğunu qeyd edib.
Bu nəm çökəkliklər niyə vacibdir?
Alimin fikrincə, bu nəm çöküntülər üzərindəki buz çox sürətlə okeana doğru sürüşür, çünki buz demək olar ki, bu yaş kütlənin üzərində "üzür”. Bu, dağlar və vadilər qədər cəlbedici görünməsə də, buzun hərəkətini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.
Ərimə təhlükəsi və nəticələri
Dou və Klaqes bildiriblər ki, buz örtüyünün altında baş verənləri anlamaq, bu örtük əridikdən sonra baş verəcək dəyişiklikləri proqnozlaşdırmaq üçün vacibdir. Antarktidanın bəzi hissələri, o cümlədən Qərbi Antarktidanın böyük əraziləri buz təbəqəsinin çəkisi nəticəsində dəniz səviyyəsindən aşağıda yerləşir. Hal-hazırda orada okean yoxdur, çünki bütün boşluq buzla doludur.
Dou bu prosesi belə izah edib: "Əgər bu buzu bir qabın içindəki su kimi təsəvvür etsək, buz hal-hazırda qabın kənarında yerləşir. Amma əriməyə başladıqda o, qabın ortasına doğru çəkiləcək. Buz sudan yüngül olduğu üçün suda üzəcək və ‘nəhəng buz kubu’ kimi davranacaq”.
Dəniz səviyyəsindən aşağı olan sahələr su ilə dolmağa başladıqda, buz daha az stabil hala gələcək, parçalanacaq və nəticədə dəniz səviyyəsinin artmasını sürətləndirəcək.
"Buzun kənardan geri çəkilməyə başladığı məqam həlledici mərhələdir və biz artıq bu mərhələdəyik”, – deyə Dou xəbərdarlıq edib.
O əlavə edib ki, Antarktida gözəl, nəhəng və sirli görünsə də, eyni zamanda "həqiqətən təhlükəli və qeyri-sabit bir məkandır”.
Aydın
Şərhlər