Xəbər lenti

Kür çayı ətrafında daşqın riski - Ekoloqdan xəbərdarlıq
Ölkə 13:40 23.04.2026

Kür çayı ətrafında daşqın riski - Ekoloqdan xəbərdarlıq

"Təcili surətdə qabaqlayıcı tədbirlər görülməlidir. Kür çayının daşmasının qarşısını almaq məqsədi ilə çəkilən bəndlər bərkidilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev bildirib. 

O, bir müddətdir mətbuata etdiyi çıxışlarda daşqın və sel riskləri ilə bağlı xəbərdarlıqlar səsləndirdiyini xatırladıb. Ekoloqun sözlərinə görə, mövcud vəziyyət əvvəlcədən görülməli olan işlərin gecikdirilməsi ilə bağlıdır:

"Bu tədbirlər əvvəlcədən görülməli idi. Demişdim ki, su harada zəif nöqtə tapsa, orada daşqın və selə çevrilə bilər. Çayın daşması ətraf mühitə ciddi zərər vurur və təbii fəlakət xarakteri daşıyır".
 


Onun fikrincə, baş verən daşqının miqyası tam gözlənilməsə də, risklər mövcud idi. Xosrov Musayev baş verənlərin əsas səbəblərindən biri kimi iqlim dəyişikliklərini göstərib:

"Yağıntıların aylıq normadan 6–8 dəfə çox düşməsi əvvəlcədən nəzərdə tutulmamışdı. Bir müddət əvvəl Kür çayının suyunda azalma müşahidə olunmuşdu. İndi isə yağıntıların artması çaylarda sululuğu yüksəldib və bu da daşqınlara səbəb olub".

Ekoloq bildirib ki, daşqınlar həm əkin sahələrinə, həm də yaşayış məntəqələrinə ciddi ziyan vurur:

"Torpağın su altında qalması əkinlərə böyük zərər vurur. Artıq bəzi rayonlarda evlərin su altında qalması ilə bağlı görüntülər yayılıb. Belə evlər bir müddət sonra yaşayış üçün yararsız hala düşə bilər. Sel suları bir neçə həftə ərzində çəkiləcək, amma kənd təsərrüfatına vurulan ziyan uzunmüddətli olacaq”. 

Qeyd edək ki, Ağcabədi və Zərdab rayonlarında Kür çayının bəndlərinin yarılması nəticəsində bir sıra evlər və əkin sahələri su altında qalıb. Hazırda ərazilərdə vəziyyətin sabitləşdirilməsi istiqamətində işlər aparılır. 

Bahar Rüstəmli


--> -->