Çin qabaqcıl hava hücumundan müdafiə sistemlərini yararaq ABŞ-ın Quam adası kimi uzaq hədəflərə təhlükə yaratmaq üçün nəzərdə tutulan ilk strateji görünməz bombardmançısı H-20 üzərində işləyir. Təyyarə radarlara görünməni və hava müqavimətini azaltmaq üçün daxili silah bölmələrinə malik "uçan qanad" sxemi əsasında hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "19FortyFive” nəşri yazır.
Hazırda H-20 haqqında məlumatlar məhduddur. ABŞ qiymətləndirmələrinə görə, yanacaq doldurmadan uçuş məsafəsi təxminən 10 min kilometr, yükdaşıma qabiliyyəti isə 10 ton sursat civarındadır. Daha optimist Çin mənbələri 13 min kilometrə qədər uçuş məsafəsi və 30–40 ton yükdaşıma qabiliyyəti barədə məlumat versə də, bu göstəricilər təsdiqlənməyib.
Çin Hərbi Hava Qüvvələrinin intensiv modernləşdirilməsinə və görünməz qırıcıların yaradılmasına baxmayaraq, Qərb ekspertləri H-20-yə skeptik yanaşırlar. ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının generalı Stiven Devis bildirib ki, Çin aşağı görünmə texnologiyaları və uzaqmənzilli zərbələr sahəsində hələ B-2 və ya gələcək B-21 səviyyəsinə çatmayıb.
Nəşr yekunda qeyd edir ki, H-20 hələlik real döyüş vasitəsindən daha çox ambisiyalı konsepsiya olaraq qalır. İlk uçuş və ya seriyalı istehsal barədə etibarlı məlumat yoxdur və təyyarənin elan edilən imkanları tam reallaşdırıb-reallaşdırmayacağı məlum deyil.
Aydın
Şərhlər