Xəbər lenti

Əsirləri belə edam edirlər: NYT rusların hərbi cinayətlərindən yazdı
Dünya 10:50 05.05.2025

Əsirləri belə edam edirlər: NYT rusların hərbi cinayətlərindən yazdı

ABŞ Ukraynada atəşkəsə dair Rusiyanın tezislərini qəbul etdiyi bir vaxtda, bir çox ukraynalılar bu sualı verir: Rusiya ordusunun saysız-hesabsız hərbi cinayətləri, o cümlədən təslim olan ukraynalı hərbçilərin edamları unudulacaqmı?

Qaynarinfo "The New York Times”a istinadla yazır ki, son aylarda ukraynalı və beynəlxalq insan haqları rəsmiləri rus qoşunlarını təslim olmuş ukraynalı əsgərləri əsir götürmək əvəzinə edam etməkdə ittiham edirlər. Bu isə Cenevrə konvensiyalarına ziddir.

"Beş ukraynalı pilotsuz uçuş aparatı (PUA) operatoru müsahibədə bildirib ki, onlar təslim olan silahdaşlarının daha sonra necə öldürüldüyünü göstərən videolara baxıblar. Rusiya rəsmiləri Ukraynada hərbi cinayət törətdiklərini inkar etsələr də, bəzi rus əsgərləri mümkün nəticələrdən o qədər arxayın görünürlər ki, silahsız ukraynalıların qətllərini özləri lentə alıb paylaşırlar”, – deyə məqalədə qeyd olunur.

Əvvəlki münaqişələrdə hərbi cinayətlər adətən ictimaiyyətdən gizli şəkildə törədilir, sonradan araşdırmalar nəticəsində üzə çıxırdı. Lakin indi PUA-lar bu edamların real vaxtda izlənməsinə imkan verir.

Qəzet xatırladır ki, Ukrayna prokurorluğunun yaydığı bir videoda 30 sentyabrda Pokrovsk yaxınlığında təslim olmuş 16 nəfərin güllələnməsi əks olunub.

"Görüntülər o qədər aydın idi ki, onlardan birinin anası oğlunu tanıya bildi”, – NYT yazır.

Bununla yanaşı, bəzi rus hərbçiləri öz cinayətlərini özləri lentə alaraq sosial şəbəkələrdə paylaşırlar.

2023-cü ilin avqust ayının sonundan etibarən BMT-nin Ukraynada insan haqları üzrə müşahidə missiyası rus əsgərlərinin azı 91 döyüşə yararsız ukraynalı hərbçini qətlə yetirdiyi 29 hadisəni sənədləşdirib. Eyni dövrdə BMT ukraynalıların bir döyüşə yararsız rus hərbçini edam etməsi faktını qeydə alıb.

NYT yazır ki, bəzi hərbi ekspertlərin fikrincə, ruslar bununla potensial ukraynalı könüllüləri qorxudaraq orduya qoşulmaqdan çəkindirmək, eyni zamanda rus əsgərlərin təslim olmadan öncə iki dəfə düşünmələrinə nail olmaq istəyirlər — çünki ukraynalılar qisas ala bilərlər.

PUA operatorları rusların ukraynalıları güllələdiyi videolara baxanda hiss etdikləri ən ağrılı məqamın acizlik olduğunu deyiblər.

"Biz öz adamlarımıza kömək etmək üçün heç nə edə bilmirdik”, – deyə operatorlardan biri bildirib.

"Biz nəzakətli sözlər işlətmirdik – biz qəzəbdən alışırdıq və intiqam istəyi ilə dolu idik”, – deyə digər operator vurğulayıb.

2023-cü ilin sonuna qədər Ukrayna Baş Prokurorluğu ruslar tərəfindən ukraynalı hərbi əsirlərin edamı ilə bağlı 100-dən çox faktı rəsmən qeydə alıb. Lakin Ali Radanın insan haqları üzrə müvəkkili Dmitro Lubinetsin sözlərinə görə, real rəqəm daha yüksək ola bilər.

Xatırladaq ki, yanvarın 23-də rusların yenidən ukraynalı hərbi əsirləri güllələdiyi məlum olub. Hadisənin Donbasda baş verdiyi bildirilib. Yayımlanan və ruslardan biri tərəfindən çəkilmiş videodan aydın olur ki, ruslar altı ukraynalı hərbi əsiri güllələyiblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->