Xəbər lenti

Ölkə 16:34 06.05.2025

"Casablanca Travel"ın rəhbəri vətəndaşların 99 903 manatını niyə mənimsəyib?

Ayrı-ayrı vətəndaşlara müxtəlif ölkələrə turlar təşkil edəcəyi barədə vəd verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən "Casablanca Travel" MMC-nin təsisçi-direktoru Xəyal Həmidova (Xəyal Həmidov) hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1983-cü ildə Sabirabad rayonunda anadan olmuş Xəyal Həmidov barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanan cinayət işinə məhkəmədə baxılıb.

İş üzrə məlum olub ki, "Casablanca Travel" MMC-nin təsisçi-direktoru Xəyal Həmidov 11 zərərçəkmişə ümumilikdə 99 903 manat ziyan vurmaqla təkrarən dələduzluq edib. O, ayrı-ayrı vətəndaşlara Türkiyənin paytaxtı Ankara şəhərində tibbi müalicə almaq, Antalya, Marmaris, Kuşadası (Türkiyə), həmçinin Monteneqroda istirahət etmək, Fransaya səfər üçün viza dəstəyi almaq adı ilə müxtəlif şəxslərdən pul alaraq mənimsəyib.
 


İş üzrə diqqətçəkən məqamlardan biri də Dövlət İqtisad Universitetinin rektoru Ədələt Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dağıstan Respublikasında keçiriləcək Yeni il tədbirində iştirakı üçün təqsirləndirilən şəxsin tanışından 25 500 manat pul alması olub. Xəyal Həmidov tanışını inandırıb ki, həmin məbləğ verildiyi təqdirdə Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti üçün xüsusi tur paketi hazırlanacaq və bunun müqabilində birlikdə qazanc əldə ediləcək.

Məhkəmədə ifadə verən Xəyal Həmidov bildirib ki, 2013-cü ildən təsis etdiyi "Casablanca Travel" MMC vasitəsilə aviabilet, otel, viza dəstəyi və tur paket xidmətləri göstərib. O, 2020-ci ilin martında bütün dünyada başlayan COVID-19 pandemiyası səbəbindən şirkətin müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyini və turizm sahəsinin fəaliyyətsiz qalması nəticəsində ziyana uğradığını deyib. Məhz bu səbəbdən cinayət əməllərini törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə Xəyal Həmidov 1 il müddətinə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->