Xəbər lenti

Bakıda
Ölkə 15:55 06.05.2025

Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındı

Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən "Apartment 9" kafesində dava baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1999-cu il təvəllüdlü F.Məlik adlı şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, dava Elnur adlı şəxs tərəfindən "Apartment 9" adı altında fəaliyyət göstərən restoranda təşkil olunan "Mafiya" oyunu zamanı baş verib. Elnur tərəfindən oyuna dəvət olunanlar arasında "Arda" ləqəbi ilə tanınan Ərdəbil adlı zərərçəkmiş şəxs də olub. Məlik komissar kimi "mafiya" tərəfindən oyundan çıxarılıb və bu zaman qaydalara uyğun olaraq komanda yoldaşlarına bildirib ki, onu Ərdəbil çıxarıb.
 


Bu səbəbdən aralarında mübahisə yaranıb. Oyun bitdikdən sonra kafenin digər otağında Ərdəbil və Məlik arasında dava davam edib. Ərdəbil oyun zamanı Məlikin onu gözlə işarə edərək ifşa etməsinə irad bildirib və onun boğazından tutaraq "ala bilirsən, səni neynəyərəm" deyib. Daha sonra Məlik onun arxasına keçərək fənd işlədib, zərərçəkmişi yerə vurub və yumruqla döyməyə başlayıb. Dava zamanı Ərdəbil baş nahiyəsindən xəsarət alıb və qolu sınıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, qoluna gips qoyulub və başı sarınıb. Elə həmin gün polisə şikayət edib.

Hadisədən dörd gün sonra Məliyin dostları Ərdəbili "Four Seasons" otelinə çağırıblar. Oteldə Məlik baş verən hadisəyə görə üzr istəyib və şikayətin geri götürülməsini istəyib. Lakin Ərdəbil məhkəmədə ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Məlik barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza müddətində elektron qolbaq taxacaq və kütləvi tədbirlərdə iştirak edə bilməyəcək.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->