Xəbər lenti

Ağa Musa Nağıyev və sehrli bir rublu barədə şəhər əfsanəsi
Ölkə 20:55 21.12.2025

Ağa Musa Nağıyev və sehrli bir rublu barədə şəhər əfsanəsi

Ağa Musa Hacı Nağı oğlu Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində olduqca kasıb bir ailədə anadan olub. Bibiheybətdə aldığı balaca bir torpaq sahəsindən çıxan neft onu milyonçu edir. 

Bakıda 98 bina tikdirir. Onun haqqında çoxsaylı əfsanələr var. Xəsis olmasına dair Manaf Süleymanov, Qılman İlkin və digərlərinin kitablarında kifayət qədər hekayələr yer alıb. 

Köhnə bakılılar danışırlar ki, Musa Nağıyev ucuz yeməkxanalarda nahar edir, ən sadə şorba sifariş edir və hər qəpiyə görə mübahisə edirdi. Bakı sakinləri onu lağa qoysalar da, Nağıyev cavabında deyirdi: 

"Mən xəsis deyiləm, sadəcə tər və qanla qazanılan pulun dəyərini bilirəm".

Əslinə qalsa Musa Nağıyev digər milyonçulardan fərqli olaraq pulu düzgün istiqamətdə xərclənməsi və istifadə edilməsində çox insana kömək edib. Neçə-neçə insan onun yanında işləyə-işləyə sonradan özləri müstəqil iş adamlarına çevriliblər. Ağa Musanın gördüyü xeyriyyə işləri ilə yanaşı onun gənclərə örnək məsləhətləri barədə az danışırlar. 

Bakıda yaşlı insanlardan eşitdiyim bir hadisəni yazmaq istəyirəm. Bir gün bütün sərvətini itirmiş və ümidsizliyə qapılan bir gənc onun yanına gəlir və Nağıyevdən borc pul istəyir. Oturub başına gələnləri Hacıya danışır və həm ac, həm də pulsuz olduğunu deyir. Ağa Musa onu diqqətlə dinləyir, ayağa qalxıb seyfə doğru gedir. Ordan əzik və köhnə bir rubl pul götürür və gəncə yaxınlaşıb deyir:

"Bu rublu götür. Amma unutmayın: bu, sadəcə pul deyil, toxumdur. Gözləsəniz, toxumdan ağac çıxacaq. Əks halda, sadəcə yeyəcəksiniz".

Milyonçunun onu ələ saldığını düşünən gənc öncə pulu götürmədən çıxıb getmək istəyir, lakin aclıq və ehtiyac onu məcbur edir ki, rublu götürsün. Ordan çıxır və bazara gedir. O zaman ucuz yeməklər bazarda olurdu və gənc fikirləşir ki, burda yemək yesə, az pulu çıxa bilər.  

Kefsiz halda bazarı gəzəndə gözünə qədimi bir şamdan sataşır, yaxınlaşır, qiymətini 1 rubl olduğunu öyrənir. Razılaşıb 80 qəpiyə onu alır, yerdə qalan bir abbasını isə onun təmizlənməsinə xərcləyir. Və möcüzə baş verir. Təmizlənmiş şamdanı üç manata istəyən olur. Beləcə gənc anlayır ki, Ağa Musa nə demək istəyir. Bir neçə ay bazara gəlib köhnə əşyaları alıb, onları təmizləyir və yeniləyir. Beləcə bir neçə aydan sonra onun şəxsi min manat pulu olur ki, yeni biznes qura bilsin. Mağaza açır və antik əşyaları alıb satışına başlayır. 

Bir neçə ildən sonra o şəhərin imkanlı adamlarından birinə çevrilir. 

Bu hadisə Bakıda yayılır və hər kəs Ağa Musadan borc almağa gəlir ki, onun əli "yüngüldür"

Prof.Dr. Zaur Aliyev

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->