ABŞ-la İran arasında mümkün nüvə razılaşması ilə bağlı yayılan xəbərlər neft bazarında satış dalğası yaradıb və bu da neftin qiymətinin bir dolları aşan səviyyədə ucuzlaşmasına səbəb olub. Razılaşma sanksiyaların yumşaldılmasına və qlobal təklifin artmasına yol aça bilər.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, Brent markalı neftin fyuçersləri 1,49 dollar və ya 2,3% ucuzlaşaraq bir barel üçün 64,60 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 1,46 dollar və ya 2,3% geriləyərək 61,69 dollar olub. Çərşənbə günü hər iki əsas marka təxminən 0,8% dəyər
itirmişdi.
NBC News-a danışan iranlı rəsmilərin sözlərinə görə, Tehran ABŞ-la razılaşma əldə etməyə hazırdır – əvəzində sanksiyaların aradan qaldırılmasını gözləyir. Bu açıqlama bazarda satışların sürətlənməsinə səbəb olub.
Səudiyyə Ərəbistanı da bu danışıqları dəstəkləyib. Krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud deyib:
"Krallıq ABŞ və İran arasında nüvə danışıqlarını tam dəstəkləyir və müsbət nəticə olacağına ümid edir".
Bununla belə, ABŞ İrana qarşı sanksiya təzyiqlərini davam etdirir. Çərşənbə günü Maliyyə Nazirliyi İranın ballistik raket hissələri istehsalı ilə bağlı fəaliyyətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edib. Bundan bir gün əvvəl isə Çinə neft tədarükü ilə əlaqəli 20-dən çox şirkətə qarşı sanksiyalar elan olunmuşdu.
Qiymət azalmasının digər səbəbi isə gözlənilməz ehtiyat artımı olub. ABŞ Energetika Məlumatları İdarəsinin məlumatına görə, 9 may həftəsində xam neft ehtiyatları 3,5 milyon barel artaraq 441,8 milyon barelə çatıb. Bu isə analitiklərin 1,1 milyon barel azalma proqnozlarına ziddir.
Eyni zamanda, sənaye qurumu olan API-nin məlumatına görə, ötən həftə ehtiyatlar daha da çox – 4,3 milyon barel artıb.
OPEC+ hasilatı artırmağa davam edir, baxmayaraq ki, çərşənbə günü kartel birlik üzvü olmayan ölkələr üzrə hasilat artımı proqnozunu aşağı salıb.
Xatırladaq ki, çərşənbə günü neftin qiyməti bir qədər düşsə də, ABŞ və Çin arasında qarşılıqlı rüsumların müvəqqəti azaldılması razılaşmasından sonra qiymətlər hələ də son iki həftənin maksimum səviyyəsinə yaxındır. Bununla belə, tərəflər arasında ticarət müharibəsinin gələcəyinə dair qeyri-müəyyənlik qalır və bu da qiymətlərə təzyiq göstərməkdə davam edir.
Alpər
Şərhlər