ABŞ-da yerləşən Ölüm Vadisi (Death Valley) iki xüsusiyyəti ilə tanınır: XIX əsrdə qızıl axtaran 13 mədən pionerinin burada həyatını itirməsi və Yer kürəsində qeydə alınmış ən yüksək hava temperaturunun (56,7°C) məhz burada ölçülməsi. Lakin bu iki hadisə ilə bağlı məlumatlar tam dəqiq deyil və bəzi məqamlar hələ də mübahisəlidir. "İtmiş 49-lar” kimi tanınan qrupların taleyi də tam aydın deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Discoverwildlife" yazır.
Temperatur rekordları və mübahisələr
56,7°C göstəricisi müzakirə mövzusu olsa da, 54,4°C temperatur ölçümü daha etibarlı hesab edilir və hələ də Yer üzündə qeydə alınmış ən yüksək təbii temperatur kimi qəbul olunur. Mütəxəssislərə görə, 50°C-dən yuxarı temperaturda insanın uzun müddət yaşaması mümkün deyil. Buna baxmayaraq, Ölüm Vadisi yalnız ölümcül şəraitlə deyil, həm də təbiətinin gözəlliyi ilə seçilir.
Səhranın gözlənilməz həyatı
Ərazi duz düzənlikləri, qum təpələri və dar qayalı dərələrdən ibarət geniş mənzərəyə malikdir. Yaz aylarında isə səhrada çiçəklər açır — sarı səhrə gülləri, şamçiçəyi və digər bitkilər ətrafı rəngarəng edir. Bu mühitdə kaktuslar, tozlandırıcı həşəratlar və hətta quşlar belə yaşayır.
Heyvan həyatı da mövcuddur
Çətin şəraitə baxmayaraq, burada koyotlar, vaşaq, dağ qoyunları və məşhur "road runner” quşu kimi növlər yaşayır. Bu quşlar saatda 32 km sürət yığa bilir.
Turizm və ulduzlu səma
Ölüm Vadisi ABŞ-da Alyaska xaricində ən böyük milli parkdır və hər il bir milyondan çox turist qəbul edir. Şəhər işıqlarından uzaq olduğu üçün burada "qara səma” fenomeni müşahidə olunur — ulduzlar və qalaktikalar çox aydın görünür.
Beləliklə, adı "Ölüm Vadisi” olsa da, bu ərazi həm də təbiətin dözümlülük və həyatla mübarizə nümunələrindən biridir.
Aydın
Şərhlər