Xəbər lenti

2100-cü ilə qədər Aİ əhalisi 12 faiz azalacaq: Risk zonasında hansı ölkələr var?
Dünya 11:33 21.04.2026

2100-cü ilə qədər Aİ əhalisi 12 faiz azalacaq: Risk zonasında hansı ölkələr var?

"Eurostat"ın son proqnozları Avropa İttifaqı əhalisinin 2025-2100-cü illər arasında 11,7% azalacağını göstərir. Məlumata əsasən, əsrin sonuna qədər Aİ əhalisi 53 milyon nəfər azalacaq və hər üç avropalıdan biri 65 yaşdan yuxarı olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazır.

"Əhali 452 milyondan 399 milyona düşəcək, yəni növbəti əsrin əvvəlinə qədər 53 milyon nəfər azalacaq", deyə materialda qeyd olunur.

Bildirilir ki, Avropada doğum səviyyəsi azalır və əhali sürətlə qocalır. Proqnozlar həmçinin mümkün miqrasiyanı da nəzərə alır.

Əhalinin azalacağı ölkələr

30 Avropa ölkəsi arasında 12-də əhali artımı gözlənildiyi halda, 18 ölkədə azalma proqnozlaşdırılır.

Ən böyük azalma Latviya (33,9%), Litva (33,4%), Polşa (31,6%) və Yunanıstanda (30,1%) gözlənilir. Bu ölkələrdə əhalinin 1/3-dən çoxunun itiriləcəyi ehtimal edilir.

20%-dən çox azalma Bolqarıstan (28%), Xorvatiya (27%), Slovakiya (26,7%), Rumıniya (24,3%), İtaliya (24%) və Macarıstanda (22,5%) proqnozlaşdırılır.

10–20% arası azalma isə Portuqaliya (19,3%), Estoniya (19,1%), Çexiya (11,5%), Finlandiya (10,7%), Sloveniya (10,6%) və Almaniyada (10,6%) gözlənilir.

Əhalinin artacağı ölkələr

Eyni zamanda, üç Avropa ölkəsində əhalinin 25%-dən çox artacağı gözlənilir. Bunlar Lüksemburq (36,4%), İslandiya (27,1%) və Maltadır (26%).

Bundan əlavə, İsveçrə (16,9%), İrlandiya (14,6%), Norveç (11,8%) və İsveçdə (10%) də əhali artımı proqnozlaşdırılır.

Vyana Demoqrafiya İnstitutunun direktor müavini Tomaş Sobotka bildirib ki, bu fərqlər əsasən miqrasiya göstəriciləri və əhalinin yaş strukturu ilə bağlıdır. Onun sözlərinə görə, doğum səviyyəsinin aşağı və əhali axınının yüksək olduğu ölkələrdə yaşlıların payı daha çox olur və gənc, reproduktiv yaşda olan insanların sayı azalır.

Böyük iqtisadiyyatlar arasında yalnız İspaniyada cüzi artım (1,3%) gözlənilir. Fransada əhali 2,5% azalacaq, Almaniyada isə 10,6%, İtaliyada isə 24% azalma proqnozlaşdırılır.

Yaş strukturu dəyişir

Proqnozlara görə, 85 yaşdan yuxarı insanların payı üç dəfədən çox artaraq 2025-ci ildəki 3,2%-dən 2100-cü ildə 10,8%-ə çatacaq.

66–84 yaş arası əhalinin payı da artaraq 17,6%-dən 21,8%-ə yüksələcək. Eyni zamanda, daha gənc yaş qruplarının ümumi əhali içində payı azalacaq.

Xüsusilə, 31–65 yaş arası əmək qabiliyyətli əhalinin payının 47,8%-dən 40,5%-ə düşəcəyi gözlənilir.

Aydın
--> -->