"Aİ-nin Kiyevə münasibətdə atmaq istədiyi bu addım sırf siyasi səbəblərlə bağlıdır”.
Qaynarinfo-ya açıqlamasında bunu REAL sədri Natiq Cəfərli Avropa İttifaqının Ukraynadan gələn mallara yüksək tariflər tətbiq etmək niyyətini şərh edərkən deyib:
"Avropa İttifaqı ölkələrini bunu vadar edən seçicilərdir. Ukraynadan gələn kənd təsərrüfatı məhsullarının Avropa bazarlarında rahat şəkildə satılması yerli fermerlərin narazılığına səbəb olur. Bu fonda bir sıra ölkələrdə fermerlərin hətta etiraz aksiyaları da baş verib. Nəticədə son proseslər göstərir ki, Ukraynaya kömək və dəstək tərəfdarı olanlar ard-arda seçkiləri uduzurlar. Sağ və sağ-mərkəz qüvvələri isə güclənir. Rumıniyadakı son prezident seçkiləri də bunun göstəricisidir. Orada Rusiyaya yaxınlığıyla seçilən siyasi böyük səs çoxluğu ilə ikinci tura keçib. Ona görə də bu addımın atılması sırf siyasi səbəblərdən qaynaqlanır”.
Qeyd edək ki, "Financial Times"ın məlumatına görə, Avropa İttifaqı Ukraynadan gələn ixrac məhsulları üçün daha yüksək tariflər tətbiq etməyə hazırlaşır. Hansı ki, bu qərar Rusiya ilə mübarizənin həlledici məqamında Ukrayna iqtisadiyyatına ciddi zərbə vuracaq.
Buna qədər Ukrayna özünün əksər məhsullarını Aİ ərazisində rüsumlar tətbiq edilmədən sata bilirdi. Lakin Ukraynaya verilən bu üstünlük Aİ ölkələrinin bəzilərində, xüsusən də Polşa və Rumıniyada fermerlərin ciddi narazılığına səbəb oldu. İlk olaraq Polşa öz fermerlərini müdafiə etmək təşəbbüsü ilə çıxış etdi.
Rüfət Sultan
Şərhlər