İspaniyada uzunillik təcrübəyə malik mexanik Karlos Peres ən etibarlı avtomobillərlə yanaşı, ən çox nasazlıq yaradan markaları da müəyyən edib və hansı avtomobillərin alınmamasını tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
Peres bildirib ki, bir avtomobilin keyfiyyətini müəyyən etmək üçün ona bəzən bir baxış kifayət edir. O, yapon markalarının etibarlılığını yüksək qiymətləndirərək "Honda", "Toyota" və "Mazda"nı, həmçinin Koreya istehsalı "Hyundai" və "Kia" markalarını tövsiyə edib.
Mexanik qeyd edib ki, Çin avtomobillərinin populyarlığı artsa da, onların texniki xidməti çətindir, çünki ehtiyat hissələri çox vaxt yalnız Çindən gətirilir və bu da təmir müddətini uzada bilər.
Ən problemli avtomobillərə gəldikdə isə, Peres tərəddüd etmədən "Jaguar" və "Land Rover" markalarını göstərib. Onun sözlərinə görə, bu markalar tamamilə haqlı olaraq çox pis reputasiyaya malikdir. Mexanik onların tez-tez elektronika nasazlıqları, mühərrik problemləri və aşağı keyfiyyətli yığım səbəbindən sıradan çıxdığını vurğulayıb.
Peres həmçinin PSA konserninə məxsus "Peugeot", "Citroën" və "Opel" markalarının, eləcə də hazırda "Stellantis" tərkibinə daxil olan "Fiat" modellərinin də yüksək göstəricilərə malik olmadığını deyib.
O, bir çox Amerika istehsalı avtomobillərin yığım keyfiyyətinin Avropa, xüsusilə də yapon modellərindən geri qaldığını bildirib: "Elektrik naqillərinin izolyasiyası, bərkidicilərin keyfiyyəti – bunlar ilk baxışda görünməsə də, zamanla problem yaradır".
Mexanikin sözlərinə görə, yapon avtomobillərində naqillər adətən yaxşı qorunur və düzgün yerləşdirilir, digər modellərdə isə onlar uğursuz yerləşdirilə, qızaraq və ya sürtünərək sıradan çıxa bilər. Kiçik mühəndislik fərqləri belə avtomobilin uzunömürlülüyünə təsir edir.
Şəxsi tövsiyə kimi, Peres "Honda Accord" modelini "balanslı, rahat və etibarlı" avtomobil nümunəsi kimi göstərib.
Aydın
Şərhlər