(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)
Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin inkişafı, dəstəklənməsi və bölgü meyarları dövlət səviyyəsində mütəmadi müzakirə olunan prioritet məsələlərdəndir. Kiçik və orta sahibkarlıq (KOS) subyektləri işçilərin sayı və illik gəlirə görə müəyyənləşdirilir və iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynayır.
Kiçik sahibkarlar 11–50 işçi və 3 milyon manatadək illik gəlirə, orta sahibkarlar isə 51–250 işçi və 3–30 milyon manat arası gəlirə malik olurlar. Dünya təcrübəsi göstərir ki, müasir dövrdə milli iqtisadiyyatların səmərəli inkişafında kiçik sahibkarlıq mühüm yer tutur.
Bu sektor mülkiyyətin müxtəlif formalarının inkişafına, azad rəqabətə və təşəbbüskarlığa təkan verir, əməyə marağı artırır, yeni ideya və innovasiyaların istehsalata tətbiqini sürətləndirir.
Eyni zamanda, inhisarlaşmanın və sosial gərginliyin azalmasına şərait yaradır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə müəssisələrin 80–90 faizi, ÜDM-in 45–50 faizi, məşğulluğun 50–60 faizi və yeni iş yerlərinin 70–80 faizdən çoxu məhz kiçik müəssisələrin payına düşür.
Son günlər Nazirlər Kabinetində keçirilən iclasda da kiçik və orta sahibkarlığın inkişafı məsələləri müzakirə olunub. Görüşdə sahibkarlıq fəaliyyətinə mane olan amillərin aradan qaldırılması əsas mövzulardan biri olub.
İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, KOB sektorunun inkişafı üçün bir neçə istiqamətdə addımlar vacibdir:
"İlk növbədə, maliyyə resurslarına çıxışın asanlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Aşağı faizli kreditlərin verilməsi, dövlət zəmanətli fondların genişləndirilməsi və investisiya imkanlarının artırılması sahibkarların fəaliyyətini xeyli rahatlaşdırır. Digər vacib məsələ inzibati prosedurların sadələşdirilməsidir. Biznes qeydiyyatı, lisenziyalaşdırma və vergi hesabatlarının daha şəffaf və operativ həyata keçirilməsi sahibkarların vaxt və resurs itkisini azaldır. Elektron xidmətlərin genişləndirilməsi bu sahədə xüsusi rol oynayır".
Akif Nəsirli hesab edir ki, vergi yükünün optimallaşdırılması da əhəmiyyətlidir:
"Kiçik və orta müəssisələr üçün güzəştli vergi rejimlərinin tətbiqi onların rəqabət qabiliyyətini artırar və kölgə iqtisadiyyatına meyli azaldar. Təhsil və maarifləndirmə də önəmlidir. Sahibkarlara biznes planlaşdırma, maliyyə idarəçiliyi və marketinq sahəsində təlimlərin keçirilməsi onların daha dayanıqlı fəaliyyət göstərməsinə kömək edir".
Ekspertin sözlərinə görə, infrastrukturun inkişafı da bu prosesdə mühüm rol oynayır:
"Logistika, nəqliyyat və rəqəmsal infrastruktura investisiyaların artırılması sahibkarların bazarlara çıxışını asanlaşdırır. Eyni zamanda, korrupsiya və qeyri-rəsmi maneələrin aradan qaldırılması üçün nəzarət mexanizmləri gücləndirilməli, şəffaflıq təmin olunmalıdır. Bu isə sahibkarların dövlət qurumlarına etimadını artırır".
Akif Nəsirli əlavə edib ki, bütün bu tədbirlər kompleks şəkildə həyata keçirildikdə, kiçik və orta sahibkarlığın inkişafı üçün daha əlverişli mühit formalaşır.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, sahibkarlığın inkişafı ilə bağlı aparılan müzakirələr müsbət haldır:
"Sahibkarların hökumətdən əsas gözləntisi odur ki, kiçik və orta sahibkarlıq üçün həddindən artıq tənzimləyici qaydaların sayı azaldılsın və ƏDV-dən azad olunan dövriyyə həddi 1 milyon manata qaldırılsın. Yoxlama səlahiyyəti olan orqanların müdaxiləsi minimuma endirilsə, bu, sahibkarlığa ən böyük dəstək olar. Azərbaycan cəmiyyəti işgüzardır, insanlar uzun saatlar işləməyə hazırdır və biznes bacarıqlarına malikdir. Onlara şərait yaradılarsa, həm özlərini, həm də ölkə iqtisadiyyatını inkişaf etdirə bilərlər".
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər