Xəbər lenti

ABŞ Rusiyaya qarşı dəniz məhdudiyyətlərini uzatdı - Tramp qərar imzaladı
Dünya 11:48 17.04.2026

ABŞ Rusiyaya qarşı dəniz məhdudiyyətlərini uzatdı - Tramp qərar imzaladı

ABŞ prezidenti Donald Tramp Rusiyaya məxsus gəmilərin ölkə limanlarına girişinə qoyulan qadağanı rəsmi şəkildə uzadıb.
 
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Ağ Evin müvafiq qərarı Federal Reyestrdə dərc olunub.

Məlumata görə, bu rejim ilk dəfə 2022-ci ilin aprelində tətbiq edilib. Yeni qərarla məhdudiyyətlərin qüvvədə qalma müddəti ən azı daha bir il uzadılıb.

Qərara əsasən, məhdudiyyətlər "aqressor ölkə” ilə əlaqəli gəmilərin ABŞ limanlarında dayanması və hərəkətinə şamil olunur. Hazırda ABŞ-ın daxili təhlükəsizlik naziri bu tip gəmilərin limanlarda qalmasını sərt şəkildə tənzimləmək səlahiyyətini saxlayır.

Sənəddə qeyd olunur ki, bu addımın əsas səbəbi Kremlin aqressiv siyasətidir. Bildirilir ki, Rusiya hökumətinin fəaliyyəti ABŞ-ın beynəlxalq münasibətlərinə təhlükə yaradan fövqəladə vəziyyət formalaşdırmağa davam edir.

ABŞ administrasiyası hesab edir ki, mövcud şəraitdə dəniz məkanına nəzarəti təmin etmək üçün fövqəladə səlahiyyətlərin saxlanılması zəruridir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Rusiya və İran neftinin sanksiyalardan yan keçməklə satışına imkan verən xüsusi lisenziyaları uzatmaq niyyətində olmadığı da açıqlanmışdı. ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu güzəştlər yalnız artıq dənizdə olan neft ehtiyatlarına aid idi və həmin resurslar artıq tam tükənib.
 
Günay
--> -->