"Ermənistanla Azərbaycan arasında bütün problemlər həll olunandan sonra iqtisadi münasibətlərin yaranması mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın sədri Natiq Cəfərli sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanla Ermənistan arasında yaranması ehtimal edilən iqtisadi münasibətlərin perspektivindən danışarkən deyib.
"Düzdür, dərhal iqtisadi əlaqələrin böyük həcmdə qurulması çətin olacaq. Çünki bunun üçün həm də qarşılıqlı güvən olmalıdır. Amma bununla belə, tədricən də olsa iqtisadi əlaqələr qurulacaq", deyə Natiq Cəfərli qeyd edib.
Həmsöhbətimizin fikrincə, tərəflər arasında iqtisadi əlaqələr yarandıqdan sonra əsas istiqamət isə Ermənistanın enerji daşıyıcıları ilə təchiz olunması məsələsi olacaq:
"Bu məsələdə Ermənistan həddən artıq asılı ölkədir, daha çox da Rusiyadan asılıdır. Ermənistanın bazarının həcmi kiçik, əhalisi az olduğundan onun qaz təchizatının böyük hissəsini Azərbaycan öz üzərinə götürə bilər. O cümlədən, neft məhsulları, emal üçün xam neftin satılması da mümkündür. Azərbaycan Gürcüstanla alternativ mənbələrdən alınan enerjinin Qara dənizin dibilə Avropaya ötürülməsilə bağlı böyük bir saziş imzalayıb. İrəvan da gələcəkdə həmin layihədə iştirak edə bilər. Həmin layihə İrəvanın regional layihələrə inteqrasiya olunmasına kömək edə bilər".
Ekspert bildirib ki, daha tez həyata keçiriləcək layihələrdən biri də sərhədyanı ticarətin təsis olunmasıdır:
"Bu həm iqtisadi əlaqələri genişləndirə, həm də insanlar arasında təmas yarada bilər".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında Ankara, Bakı və İrəvan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyini bəyan edib. O bildirib ki, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq. Bu isə öz növbəsində sülh sazişinin imzalanmasından sonra gələcək perspektivdə Bakı ilə İrəvan arasında iqtisadi əməkdaşlığın yaranmasına da stimul verə bilər.
Rüfət Sultan
Şərhlər