Xəbər lenti

ABŞ-ın ticarət nümayəndələri bu həftə Çinlə tarif danışıqları aparacaq
Dünya 12:58 07.05.2025

ABŞ-ın ticarət nümayəndələri bu həftə Çinlə tarif danışıqları aparacaq

ABŞ Prezidenti Donald Trampın ali ticarət nümayəndələri bu həftə İsveçrənin Cenevrə şəhərində Çin iqtisadiyyatının əsas rəsmisi ilə görüşəcəklər. Bu, ABŞ-ın Çinə qarşı gömrük tarifləri tətbiq etməsindən sonra ilk birbaşa danışıqlar olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.

ABŞ maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Cemison Qrir 10 və 11 may tarixlərində – şənbə və bazar günləri – Çin Xalq Respublikasının vitse-premyeri, Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və ölkənin baş iqtisadçısı Xe Lifenlə görüşəcəklər.

"Onsuz da İsveçrədə bu ölkə ilə danışıqlar üçün olacaqdım. Məlum oldu ki, Çin nümayəndə heyəti də Avropada səfərdədir və Cenevrədə olacaq. Buna görə də şənbə və bazar günü görüşəcəyik”, – deyə Bessent bildirib.

Çin tərəfi isə açıqlayıb ki, Xe Lifen İsveçrə hökumətinin dəvəti ilə Cenevrədədir.

Bessent danışıqlardan böyük nəticələr gözləməməyə çağırıb: o bildirib ki, bu görüş tammiqyaslı yeni ticarət sazişi üzrə danışıqların başlanması anlamına gəlmir, çünki belə bir proses uzun vaxt tələb edəcək.

"Bu (danışıqlar prosesi) hələ daimi xarakter daşımır, xüsusən Çin tərəfindən. Hazırkı tariflər faktiki olaraq embarqodur. Biz əlaqələrin qırılmasını istəmirik. Biz ədalətli ticarət istəyirik”, – deyə ABŞ maliyyə naziri vurğulayıb.

Görüşün təşəbbüskarının kim olması ilə bağlı suala Bessent konkret cavab verməyib:

"Çoxlu zənglər olub... Hər hansı birinci zəngdən danışmaq olmaz. Zamanla bir çox təmas nöqtələri yaranıb”, – deyə bildirib.

O həmçinin qeyd edib ki, Trampın Çin mallarına tətbiq olunan tarifləri 50 faizə endirmək kimi "yaxşı niyyət” jesti təklif edib-etməyəcəyini açıqlaya bilməz. Sadəcə "hər şey masadadır” deyərək əlavə edib: qərarı Tramp özü verəcək.

"Prezident Trampın tapşırığı ilə mən balanslaşdırılmış ticarət əlaqələri qurmaq, yeni bazarları açmaq və ABŞ-ın iqtisadi və milli təhlükəsizliyini qorumaq üçün danışıqlar aparıram”, – deyə ABŞ-ın ticarət nümayəndəsi Cemison Qrir bildirib.

ABŞ və Çin arasında qarşılıqlı olaraq 100 faizdən yuxarı tariflərin tətbiqi ilə müşayiət olunan ticarət müharibəsi, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarəti demək olar ki, dondurub.

Lakin son günlər tərəflərin qarşılıqlı güzəştə hazır olduqlarına dair siqnallar görünməkdədir.

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Çin mallarına tətbiq olunan tariflərin endiriləcəyini etiraf edib.

Eyni zamanda, mətbuatda yayılan xəbərlərə görə, Çin ABŞ-da istehsal edilən bəzi yarımkeçiricilərə qoyduğu 125 faizlik tarifləri qeyri-rəsmi şəkildə ləğv edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->