Xəbər lenti

Yüzlərlə koalanı helikopterlərdən atəş açaraq niyə öldürdülər?
Dünya 20:20 03.05.2025

Yüzlərlə koalanı helikopterlərdən atəş açaraq niyə öldürdülər?

Avstraliya hökuməti meşə yanğınından zərər çəkmiş koalaların ağrısının qarşısını almaq məqsədilə yüzlərlə heyvanı helikopterdən atəş açaraq öldürmək qərarı verib. Lakin bu addım həm heyvansevərlər, həm də siyasi çevrələr tərəfindən sərt şəkildə tənqid olunub.

Qaynarinfo xəbər verir ki, Avstraliyanın Viktoriya ştatında baş vermiş dağıdıcı meşə yanğınından sonra verilən bu qərar ictimaiyyətdə geniş rezonans doğurub. Ştat rəhbərliyi yanğından təsirlənmiş yüzlərlə koalaya helikopterlərlə yaxınlaşan snayperlər vasitəsilə "evtanaziya tətbiqi"nə (Evtanaziya - sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) qərar verib. Rəsmilər bu müdaxilənin, heyvanların daha artıq əziyyət çəkməsinin qarşısını almaq üçün lazım olduğunu müdafiə etsələr də, qərar həm siyasi dairələrdə, həm də ictimaiyyətdə böyük narazılığa səbəb olub.

600-dən çox koala öldürüldü

"Yahoo News"un yaydığı məlumata görə, Viktoriya hökuməti ştatın cənub-qərbində yerləşən Budj Bim Milli Parkında təxminən 600-700 koalanı öldürüb. Rəsmilər mart ayında ildırım düşməsi nəticəsində baş verən və parkda geniş dağıntıya səbəb olan meşə yanğınından sonra bu kollektiv məhvin "mərhəmətli" bir həll olduğunu iddia edirlər. Yanğın koalaların yaşayış sahələrinin böyük hissəsini məhv edib, yüzlərlə heyvanın ciddi şəkildə yanmasına və ya xəstələnməsinə səbəb olmuşdu.

Yanğının birbaşa təsiri ilə çox sayda koalanın ağır yanıq, tüstü zəhərlənməsi və ya toksik maddələrə məruz qalaraq tələf olduğu bildirilir. Sağ qalanlar isə dağıntılar içərisində həyatda qalmaq üçün mübarizə aparmaq məcburiyyətində qalıb. Rəsmilər qeyd edir ki, koalaların əsas qida mənbəyi olan mavi saqqız (okalipt) ağaclarının yanması ilə birlikdə, sağ qalan heyvanların aclıqdan yavaş və ağrılı şəkildə ölmə riski böyükdür.

Viktoriya ştatının bioloji müxtəliflik üzrə məsul şəxsi Ceyms Todd vəziyyəti belə izah edib: "Yanğının birbaşa təsirləri, davam edən quraqlıq və sonrakı ərzaq çatışmazlığı səbəbilə bir çox heyvanın sağlamlıq durumu pisləşib və yaşamaq ehtimalları azalıb. Bu şərtlər daxilində, əksər heyvanlara evtanaziya tətbiq olunması qaçınılmaz olub".

Sərt tənqidlər

Lakin havadan edilən atışların fərq qoymadan həyata keçirilməsi bir çox ekoloq və heyvansevər tərəfindən daha insani alternativlərin mümkün olub-olmadığını gündəmə gətirib.

"Humane Society International" təşkilatından Evan Kuartermein bu qərarı belə tənqid edib: "Budj Bim Milli Parkında aparılan müdaxilənin miqyası və əsaslandırılması ciddi narahatlıq doğurur. Meşə yanğınlarından sonra heyvan rifahı ilə bağlı çətin qərarlar verilməsi qaçınılmazdır, lakin havadan atəş açma metodu heç vaxt standart yanaşma olmamalıdır".

Kuartermein əlavə edib ki, məsafədən həyata keçirilən xilasetmə cəhdlərinin nəticələrini düzgün qiymətləndirmək son dərəcə çətindir və bölgədə fəaliyyət göstərən təcrübəli heyvan xilasetmə qruplarının olması bu heyvanların daha düzgün müayinə və qiymətləndirilməsini mümkün edə bilərdi.

Digər tənqidlər isə bu qədər ciddi bir planın həyata keçirilməsində şəffaflıq çatışmazlığına diqqət çəkib. "Friends of the Earth Melbourne" qrupu xatırladıb ki, Budj Bim 2019-cu ilin dekabrı və 2020-ci ilin yanvarında daha böyük bir yanğın keçirmişdi, lakin həmin vaxt belə bir helikopterli məhv həyata keçirilməmişdi.

Qrup qeyd edib ki, Budj Bim Milli Parkı son illərdə həddən artıq koala populyasiyası problemi ilə qarşılaşıb və bu vəziyyət əsasən park ətrafındakı yüzlərlə hektarlıq mavi saqqız ağacının təmizlənməsi nəticəsində baş verib. Həmçinin, bəzi tənqidçilər qeyd edir ki, əgər yaxınlıqdakı koalaların aclıqdan öldüyü iddia edilirsə, niyə böyük iqyaslı mavi saqqız ağacı qırımı davam etdirilir?

Dəstək verənlər də var

Bununla belə, bu çətin qərarı dəstəkləyənlər də tapılıb. Deakin Universitetinin dosenti və Viktoriya ştatının Koala İdarəetmə Strategiyasının hazırlanmasında iştirak etmiş ekspert Desli Uisson onlardan biridir. Uisson bildirib ki, keçmişdə hökuməti tez-tez tənqid etsə də, bu dəfəki kollektiv məhv qərarını düzgün hesab edir.

Uisson "LinkedIn"dəki paylaşımında qərarın səbəblərini belə izah edib: "Havadan aparılan müşahidələr göstərdi ki, çoxlu sayda koala əlçatmaz ərazilərdə, yanmış ağacların üst budaqlarında gizlənib və bu yerlər hələ də alovun izlərini daşıyırdı. Siz nə edərdiniz? Bu heyvanların aclıqdan, ağciyər xəstəliklərindən, zəhərlənmədən və ya yanıq izlərindən yavaş və ağrılı şəkildə ölmələrini seyr edərdinizmi? Yoxsa çətin, lakin mərhəmətli bir qərar alaraq, peşəkar nişançılar vasitəsilə onların sürətli və ağrısız şəkildə ölməsini təmin edərdiniz?"

Uisson bunun doğru qərar olduğunu, siyasi baxımdan baha başa gələcəyini və reaksiyalara səbəb olacağını hökumətin bildiyini, lakin bunun bir mərhəmət aktı olduğunu vurğulayıb. O, açıqlamasını belə tamamlayıb: "Təəssüf ki, bu reaksiyalar gələcəkdə bənzər çətin vəziyyətlərdə doğru qərarların verilməsinə mane ola bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->