Xəbər lenti

Tramp İstanbula gəlməyəcək, Rusiya və Ukraynadan isə bu nümayəndələr iştirak edəcək
Dünya 10:32 15.05.2025

Tramp İstanbula gəlməyəcək, Rusiya və Ukraynadan isə bu nümayəndələr iştirak edəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 15 may tarixində Türkiyədə keçirilməsi planlaşdırılan Ukrayna və Rusiya arasında danışıqlara qatılmayacağı bildirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” ABŞ rəsmisinə istinadla məlumat yayıb.

"Sky News” isə xatırladır ki, son günlər Tramp İstanbulda keçiriləcək danışıqlarda iştirak ehtimalını istisna etməmişdi. Lakin o, yalnız Rusiya prezidenti Vladimir Putin də həmin görüşdə iştirak edəcəyi təqdirdə ora gedəcəyini vurğulamışdı.

Görünən odur ki, Putin Türkiyəyə getmək niyyətində deyil. Kreml tərəfindən açıqlanan nümayəndə heyəti siyahısında onun adı yoxdur. Rusiya heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibində heç bir nazir yer almayıb – İstanbula yalnız xarici işlər nazirinin müavini Mixail Yuryeviç Qaluzin və müdafiə nazirinin müavini Aleksandr Fomin göndərilir.

Məlumata görə, İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinə prezident Volodimir Zelenski də daxildir. Onunla birlikdə Prezident Aparatının rəhbəri Andrey Yermakın da danışıqlara qatılacağı gözlənilir.

Bundan əlavə, nümayəndə heyətində müdafiə naziri Rustem Umerov və Zelenskinin diplomatik müşaviri İqor Jovkva da yer alacaq.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa artıq Türkiyədədir. O, ABŞ dövlət katibi Marko Rubio və senator Lindsi Qrem ilə görüş keçirib.

"Biz növbəti addımların məntiqini ətraflı müzakirə etdik və yanaşmalarımızı paylaşdıq. Mən prezident Trampın sülh təşəbbüslərinə Ukraynanın sarsılmaz və ardıcıl sadiqliyini təsdiqlədim və ABŞ-a iştirakı üçün təşəkkür etdim. Əməkdaşlığımızı konstruktiv və qarşılıqlı faydalı istiqamətdə inkişaf etdirməyə hazırıq", – deyə XİN rəhbəri bildirib.

Rusiya prezidenti Vladimir Putin də Ukrayna ilə Türkiyədə keçiriləcək danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb. Sənədi Kremlin mətbuat xidməti yayıb.

Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Onunla birlikdə Türkiyəyə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov səfər edəcək. Prezident Vladimir Putinin özü isə sənəddə qeyd olunmayıb.

Putin, həmçinin Ukrayna ilə danışıqlarda iştirak edəcək "ekspertlərin” tərkibini də təsdiqləyib:

Aleksandr Zorin – Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının informasiya idarəsi rəisinin birinci müavini;
Elena Podobreevskaya – Prezident Administrasiyasının humanitar sahədə dövlət siyasəti idarəsi rəisinin müavini;
Aleksey Polişçuk – Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru;
Vladimir Şevtsov – Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə Baş İdarəsinin rəis müavini.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->