Xəbər lenti

Süni intellekt eqoistləşdi:
Texnologiya 09:20 05.11.2025

Süni intellekt eqoistləşdi: "Yoluxucu hala gəldi"

ABŞ-ın Karnegi Mellon Universiteti"nin tədqiqatçıları müəyyən ediblər ki, süni zəka sistemlərinin zəka səviyyəsi artdıqca onlar daha eqoist davranışlar sərgiləməyə başlayır. Nəticələr göstərir ki, xüsusilə qərarvermə və münasibətlərin idarə olunması kimi insana məxsus sahələrdə süni zəka getdikcə əməkdaşlıqdan uzaqlaşır.

Qaynarinfo-nn məlumatına görə, universitetin İnsan-Kompüter Əlaqəsi İnstitutunun (HCII) apardığı araşdırma sübut edib ki, məntiqi düşünmə qabiliyyətinə malik böyük dil modelləri (LLM) daha az əməkdaşlıq meyli göstərir və qrup davranışlarını mənfi istiqamətə yönəldir.

Tədqiqatın müəlliflərindən, doktorant Yuxuan Li bildirib: "Süni zəka insan kimi davranmağa başladıqda, insanlar da onu insan kimi görməyə başlayır. Bu nöqtədə ona emosional bağlılıq yaratmaq və ya sosial qərarları həvalə etmək təhlükəli ola bilər".

HCII-dən dosent Hirokazu Şirado isə qeyd edib: "Daha ağıllı modellərin daha az əməkdaşlıq etdiyini müşahidə edirik. İnsanlar adətən daha zəka səviyyəli sistemləri üstün tutur, amma bu seçim, əslində, eqoist davranışları mükafatlandıra bilər".

Tədqiqatçılar "OpenAI", "Google", "DeepSeek" və "Anthropic" şirkətləri tərəfindən hazırlanmış modelləri "İctimai Mallar Oyunu” adlı iqtisadi simulyasiya vasitəsilə sınaqdan keçiriblər. Hər bir modelə 100 xal verilib və bu xalları ümumi fonda ianə etmək və ya özündə saxlamaq seçimi təklif olunub.

Nəticələr diqqətçəkici olub: məntiq yürütməyən modellərin 96 faizi xallarını paylaşıb, lakin məntiq yürüdən modellərin yalnız 20 faizi paylaşımı seçib. Şirado bildirib: "Sadəcə bir neçə mərhələli məntiq əlavə etmək belə əməkdaşlığı yarıbayarı azaltdı. "Düşünmə və əks etdirmə" əsaslı mənəvi qiymətləndirmələr isə əməkdaşlıqda 58 faiz azalma yaratdı"

Komanda çoxsaylı model qruplarını test etdikdə, məntiq yürüdən modellərin eqoist davranışlarının digərlərinə də təsir etdiyini müşahidə edib. Bu təsir nəticəsində ümumi qrup əməkdaşlığı 81 faiz azalıb. Li qeyd edib: "Zəkanın artması, sosial baxımdan daha yaxşı model demək deyil.” Shirado isə əlavə edib: "Mənəvi düşüncə, sosial məsuliyyətlə eyni şey deyil".

Tədqiqatçılara görə, insanların süni zəkaya artan etibarı bu meyli təhlükəli hala gətirir. Li vurğulayıb: "Əgər cəmiyyət fərdlərin cəmindən daha çoxdursa, onu dəstəkləyən süni zəka sistemləri də yalnız fərdi maraqları deyil, ictimai faydanı da optimallaşdırmalıdır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->