Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Şərhlər