Xəbər lenti

Dostluğu məhv edən vərdiş: Ayrılığın yaxın olduğunu necə anlamaq olar?
Dünya 08:15 18.04.2026

Dostluğu məhv edən vərdiş: Ayrılığın yaxın olduğunu necə anlamaq olar?

Amerikalı psixoloq Mark Trevers böyüklər arasında dostluqları tədricən pozan əsas vərdişin qarşılıqlı olmayan münasibət olduğunu bildirib. 

Qaynarinfo-nun məlumatına görə, "Forbes" üçün yazdığı məqalədə o qeyd edib ki, heç bir sağlam dostluq hər zaman 50/50 balansına əsaslanmır, lakin davamlı şəkildə bir tərəfin daha çox verməsi münasibətləri zədələyir.

Onun sözlərinə görə, həyatın müxtəlif mərhələlərində balans müvəqqəti olaraq dəyişə bilər. Lakin problem bu vəziyyətin daimi xarakter almasıdır – biri həmişə daha çox yazır, dinləyir və dəstək olur, digəri isə daha çox alır və daha az verir.

Psixoloqun qeyd etdiyi əsas əlamətlər

Trevers qarşılıqlı olmayan münasibətin dostluğun zəiflədiyini göstərən üç əsas əlamətini açıqlayıb:

Ünsiyyətin "boşluğa” çevrilməsi

Dostluq ünsiyyəti əvvəlki kimi rahat və enerji verici olmur. Görüşlərdən sonra insan özünü yorğun və boşalmış hiss edir. Söhbətlərdə gizli narazılıq yaranır və münasibət getdikcə "çətin yük” kimi qəbul olunur.

Bir tərəfli sərhədlər

Problem o zaman yaranır ki, sərhədlər yalnız bir tərəf üçün işləyir. Məsələn, biri şəxsi məkan tələb edir və buna hörmət edilir, amma eyni ehtiyac qarşı tərəfdə qəbul olunmur. Və ya biri daim məşğul olduğunu deyərək görüşlərdən yayınır, amma qarşı tərəfin həmişə hazır olmasını gözləyir.

Özünü görünməz hiss etmək

Dost yalnız özündən danışır, suallar vermir və qarşı tərəfin detallarını xatırlamırsa, insan özünü "eşidilməyən” kimi hiss etməyə başlayır. Ünsiyyət davam etsə də, emosional əlaqə zəifləyir və bu, çox vaxt dostluğun qırılma nöqtəsinə çevrilir.

Treversin fikrincə, bu əlamətlər vaxtında fərq edilmədikdə, dostluq tədricən zəifləyir və sonda tamamilə pozula bilər.

Aydın

--> -->