"Məsud Pezeşkianın Bakı səfəri hər nə qədər ümidverici olsa da, tərəflər arasında mövcud olan dərin struktur problemlərin və qarşılıqlı inamsızlığın birdəfəlik aradan qalxması anlamına gəlmir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkianın Bakı səfərindən sonra Tehranla Azərbaycan arasında olan gərginliyin aradan qalxıb-qalxmadığını şərh edərkən deyib.
Həmsöhbətimiz bildirir ki, İranla münasibətlərin dinamikası yalnız Azərbaycanın istəkləri və atdığı addımlardan asılı deyil:
"Bu münasibətlər həm də regional və qlobal geosiyasi proseslərdən, eləcə də İranın daxili siyasi gündəmi və xarici siyasət prioritetlərindən də ciddi şəkildə təsirlənir. Belə bir şəraitdə Məsud Pezeşkianın Bakıya səfəri mühüm bir diplomatik jest və ikitərəfli münasibətlərdə müsbət tendensiyanın göstəricisi kimi qiymətləndirilə bilər. Lakin bu səfər hər nə qədər ümidverici olsa da, tərəflər arasında mövcud olan dərin struktur problemlərin və qarşılıqlı inamsızlığın birdəfəlik aradan qalxması anlamına gəlmir".
Konfliktoloq qeyd edir ki, regionda davam edən geosiyasi rəqabət, xüsusilə də İran-Ermənistan münasibətləri, İranın Cənubi Qafqaz siyasəti və Azərbaycanın İsraillə əlaqələri kontekstində bu münasibətlər hər zaman zərif balans üzərində qurulub:
"Həmçinin, Qərb-İran münasibətlərindəki gərginliklər, Tehranın nüvə proqramı ətrafında yaranan beynəlxalq narahatlıqlar və İranın daxili siyasi dəyişiklikləri də Bakı-Tehran münasibətlərinə dolayı təsir göstərməkdədir. Bu baxımdan, Pezeşkianın səfəri simvolik önəm daşısa da, real nəticələrin əldə olunması üçün ardıcıl diplomatik dialoq, qarşılıqlı güvən mexanizmlərinin qurulması və konkret əməkdaşlıq sahələrinin müəyyən edilməsi zəruridir. Münasibətlərin davamlı şəkildə inkişafı üçün hər iki tərəfin qarşılıqlı maraqları və regionun təhlükəsizlik arxitekturası nəzərə alınaraq, daha uzunmüddətli və prinsipial yanaşma sərgiləməsi vacibdir".
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda səfərdə olub. Tərəflərin məlumatlarına görə, səfər olduqca konstruktiv keçib. Bir sıra sahələr üzrə sazişlər imzalanıb. İranla Azərbaycan arasında hər dəfə də birincinin günahı üzündən ara-sıra müəyyən gərginlik yaşanır. İran tərəfi dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Düzdür, Təbrizdəki Azərbaycan konsulluğuna hücumla bağlı məsələ öz həllini tapandan sonra münasibətlərdəki əvvəlki gərginlik müəyyən qədər səngiyib. Amma bununla belə, yenə də fars rejimi məqam düşən kimi Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir. Bu mənada münasibətlərin normal məcraya düşməsi üçün Pezeşkianın Bakıya reallaşan səfərinə istər-istəməz böyük ümidlər bəslənilib.
Rüfət Sultan
Şərhlər