Paris şəhərinin mərkəzində yerləşən məşhur Place de la Concorde meydanındakı qədim Luksor obeliski üzərində aparılan son elmi tədqiqatlar min illərdir gizli qalan məlumatların aşkar edilməsinə səbəb olub. Bu kəşf, qədim Misir sivilizasiyasına dair anlayışımızda mühüm dönüş nöqtəsi hesab edilir.
Qaynarinfo xəbər verir ki, qədim Misir fironu II Ramzesin əmri ilə eramızdan əvvəl 1250-ci illərdə qırmızı qranitdən hazırlanmış bu nəhəng abidə, Luksor məbədinin girişində yerləşən iki obeliskdən biri olub. XIX əsrin əvvəlində Misir tərəfindən Fransaya hədiyyə edilən abidə 1836-cı ildə Parisə gətirilib və kral Lui-Filippin göstərişi ilə Place de la Concorde meydanına ucaldılıb.
Obeliskin üzərindəki hieroqliflər XIX əsrdə fransız misirşünas Fransua Şaba tərəfindən əsasən oxunmuş və tədqiq edilmişdi. Lakin Paris-Sorbon Universitetinin misirşünası Jan-Giyom Olett-Pelyetye tərəfindən COVİD-19 pandemiyası dövründə başlanan restavrasiya işləri çərçivəsində aparılan yeni araşdırmalar, obeliskdə daha öncə diqqətdən yayınmış yeddi gizli mesajın olduğunu üzə çıxarıb.
Mütəxəssis bildirib ki, obeliskin zirvəsində yerləşən bu hieroqliflər "kripto-heroqliflər” adlandırılan, yalnız xüsusi dini təlim keçmiş şəxslərin oxuya bildiyi yazılardır. Bunlar adi xalq üçün deyil, tanrıların dili kimi qəbul edilən, ruhani və seçilmiş zümrəyə ünvanlanmış simvollardır.
Obeliskin qərb tərəfində firon II Ramzesin Tanrı Amon qarşısında təqdim etdiyi adaq səhnəsi yer alır və bu, fironun tanrısal legitimliyini simvolizə edir. Şərq tərəfində isə Ramzesin başında təsvir olunan incə öküz buynuzları "ka” anlayışına – yəni insanın doğuşdan malik olduğu həyat enerjisinə simvolik göndəriş sayılır. Tapılan mesajlardan biri belədir: "Amonun ka-quvvətini sakitləşdirin!” Bu ifadə qədim Misir ruhani sistemində insanın daxili güclərinin tanrılar vasitəsilə balanslaşdırılmasının vacibliyinə işarə edir.
Tapılan yeddi gizli mesajın tam mətnləri hələ də ictimaiyyətə təqdim edilməyib və yaxın aylarda "ENIM-Montpellier Egyptology Journal" jurnalında dərc olunması planlaşdırılır.
Qeyd edək ki, Parisdəki obelisk Luksordakı əkizindən nisbətən qısa olsa da, tədqiqatçılar həmin əkiz abidənin daha çox gizli məlumat ehtiva edə biləcəyini düşünür. Bu səbəbdən, diqqətlər indi Misirdəki orijinal abidəyə yönəlib.
Aydın
Şərhlər