Xəbər lenti

Dünya 20:03 31.07.2025

"Nüvə qışı" gözləniləndən daha ağır olacaq: Dünyanı nə gözləyə bilər?

Nüvə müharibəsinin nəticələri təkcə partlayışla məhdudlaşmır və onilliklər boyunca qlobal miqyasda təsir göstərə bilər.

Qayanrifno xəbər verir ki, "Environmental Research Letters" jurnalında dərc edilən yeni bir araşdırmada Pensilvaniya Dövlət Universitetinin alimləri nüvə müharibəsinin dünyada ərzaq təhlükəsizliyinə, xüsusilə də qarğıdalı istehsalına təsirini öyrəniblər. Nəticələrə görə, ən pis ssenaridə nüvə silahının atmosferə vurduğu zərər səbəbindən qlobal qarğıdalı istehsalı 87 faiz azalacaq.

Tədqiqatçılar altı fərqli nüvə müharibəsi ssenarisi üzrə 38 572 qarğıdalı əkini məntəqəsində modelləşdirmə aparıblar. Araşdırma nüvə qışı şəraitində aparılıb – nüvə partlayışlarından yaranan yanğınlar nəticəsində yaranan qara karbon təbəqəsi günəş işığını bloklayaraq temperaturun on ildən çox müddətdə enməsinə səbəb ola bilər. Bu isə dünya üzrə kənd təsərrüfatı sistemlərinin çökməsinə yol aça bilər.

Alimlər yalnız qara karbonu deyil, həm də nüvə müharibəsindən sonra Yer atmosferində ozon qatının zəifləməsi nəticəsində artan ultrabənövşəyi (UV) şüalanmanın bitkilərə təsirini də modelləşdiriblər. UV şüaları DNT-yə zərər vurur və fotosintez prosesini ləngidir. Tədqiqatda "torpaq-bitki-atmosfer” sisteminin bu şüalanmadan necə təsirlənə biləcəyi də təhlil edilib.

Əldə olunan nəticələr olduqca narahatedicidir. "Ən yaxşı ssenari” hesab edilən regional nüvə müharibəsində belə, atmosferə kifayət qədər qurum buraxılaraq illik qarğıdalı istehsalında 7 faizlik azalma baş verəcək. Qlobal miqyaslı nüvə müharibəsi isə atmosferə 165 milyon ton qurum buraxılmasına və nəticədə qlobal qarğıdalı istehsalında 80 faizlik enişə səbəb ola bilər.

Bundan əlavə, tədqiqatçılar qeyd ediblər ki, radiasiya ilə bağlı zərər ilk partlayışdan 8 və 9 il sonra pik həddə çatacaq və bu da məhsuldarlıqda əlavə 7 faiz azalma ilə müşayiət olunacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->