Xəbər lenti

Dünya 12:32 16.05.2025

"Əks təqdirdə Putini dayandırmaq mümkün olmayacaq" - Konfliktoloq

"Tərəflər psixoloji cəhətdən görüşə hazır deyil. Görüş ərəfəsi situasiya məhz bunu diktə edirdi".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev mayın 15-də gözlənilən Rusiya-Ukrayna görüşünün baş tutmaması, dövlət katibi Rubio və Ukrayna nümayəndə heyətinin dünənki görüşdən imtina etməsini şərh edərkən deyib.

"İstanbulda Ukrayna ilə Rusiya arasında danışıqların bu məcrada keçəcəyini əvvəlcədən proqnozlaşdırmışdıq. Görüş ərəfəsi Zelenskinin ritorikası siyasətçi ritorikasından daha çox qladiator ritorikasına bənzəyirdi. Bu isə diplomatik etiketlərə uyğun deyil. Sahədə uğur əldə edən Putin heç zaman bu ritorika ilə qəbullana bilməz. Yəni sözügedən ritorika Rusiyanın qüruruna toxunduğundan Putindən gələn adekvat reaksiya da başa düşüləndir. Putin atəşkəs məsələsində də fərqli düşünür. 30 günlük atəşkəsə Ukraynanın gücləndirilməsi fürsəti kimi baxır", deyə Üzeyir Şəfiyev bildirib.
 


Ekspert qeyd edib ki, Putin məsələnin paket həllinin tərəfdarıdır:

"Tərəflərə tutduğu əraziləri öz ərazisi kimi qəbul etdirmək, məsələni İstanbul razılaşması kontekstində həll etmək istəyir. Lakin qarşı tərəf və onu dəstəkləyənlərin ritorikası həmin ovqatda olmadığından Putin görüşə atəşkəs və sülh danışıqlarının təmin olunmasına qabil olmayan aşağı səviyyəli nümayəndə göndərdi. Putin vaxt qazanıb Ukraynanın içərisinə daxil olmaq istəyir". 

Həmsöhbətimiz güman edir ki, Ukrayna-Rusiya danışıqları yalnız Tramp, Putin və Avropa İttifaqı rəhbərliyi səviyyəsində razılaşmadan sonra baş tuta bilər:

"Bu isə yaxın perspektivdə görünmür. Çünki Putin məqsədlərinə hələ çatmayıb. O, mineral ehtiyatlarla bağlı Tramp-Zelenski razılaşmasını da qəbul etməyəcək. Çünki Ukraynaya öz arxa bağçası kimi baxır. Tərəflər birləşib sahədə Rusiyanı məğlub etməli, onu böyük fakt qarşısında qoymalıdır. Əks təqdirdə danışıqlar baş tutmayacaq. Yaz-yay aylarında cəbhə xəttində daha dərin eskalasiya baş verəcək".

Üzeyir Şəfiyev bildirib ki, Putinin görüşü urvatsız etməsinə ən adekvat reaksiya Türkiyə-Avropa-ABŞ-ın konsolidasiya əldə edərək, Moskvaya ciddi sanksiya tətbiqi və hərbi kömək şəklində Kiyevə dəstək ola bilər:

"Əks təqdirdə Putini dayandırmaq mümkün olmayacaq. Hələliksə görürük ki, Putinə qarşı real təsir mexanizmlərini tətbiq etmirlər".

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya ilə Ukrayna arasında planlaşdırılan görüş Kiyevin ondan imtina etməsi səbəbindən baş tutmayıb.  

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->